Qədim Zəngəzur mahalının ən füsunkar və tarixi abidələrlə, səngər qayalarla, yüksək dağlarla seçilən rayonlarından olan Gorus rayonunun azərbaycanlılar yaşayan ən böyük kəndi Şurnuxudur. Toponim Azərbaycan dilində «kiçik şəlalə» mənasını verən «cimox» sözünün fonetik forması olan şunux, şınıx sözü əsasında yaranmışdır. Kənd rayon mərkəzindən 27 km cənub şərqdə, Şurnuxu çayının sol sahilində, meşənin içərisində yerləşmişdir. 1920-ci illərdə burada ancaq azərbaycanlılar yaşayırdılar. Sonra kənd etnik təmizləməyə məruz qalandan sonra orada ermənilər yaşamağa başladı. Sonrakı onilliklərdə bəzi azərbaycanlı əhali geri qayıtdı. Lakin SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083 saylı qərarı ilə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz vadisinə köçürüldü. İ.V.Stalinin ölümündən sonra Şurnuxulu türklər geri qayıtdılar. Kənd Qafan-Gorus yolunun kənarında, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında idi. Onu da qeyd edək ki, Şurnuxu kənddə Ağbulaq və Şamsız kəndləri də daxil olmaqla kənd soveti mərkəzi kimi də fəaliyyət göstərirdi. Burada kitabxana, orta məktəb, idarə binası, mağaza, klub, tibb məntəqəsi və s. vardı. İkinci Dünya müharibəsində Şurnuxudan 70-dən çox adam iştirak etmiş, onlardan 25 nəfəri geri qayıtmamışdır. Kəndin ziyalılarından uzun illər müxtəlif vəzifələrdə çalışmış Əhliman Adıgözəlov, məktəb direktoru işləmiş Nazim Adıgözəlov, kəndin və sovetliyin ağsaqqallarından Əsəd Əsədov, Mürvət və Bünyad Əbdüləzimov qardaşları, alim Zakir Əsədov, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Umnisə Musabəyovanın adları daim hörmətlə çəkilir.
Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxu kəndi beş şəhid vermişdir. Niftəliyev Azər Bayram oğlu - baş leytenant, ölümündən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmişdir. Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu ən yüksək məqama, şəhidlik zirvəsinə ucalmışdılar.
2021-ci il yanvarın 4-də Şurnuxu kəndinin Azərbaycana düşən hissəsində bayrağımız ucaldıldı, həmin hissə (12 ev) Qubadlı rayonunun tərkibinə verildi, qalan ən böyük hissə isə Ermənistanda qaldı. Bu gün Şərqi Zəngəzurda aparılan işlər onu deməyə əsas verir ki, gələcəkdə Şurnuxu, Ağbulaq aə Şamsız kəndləri də öz doğmalarına qucaq açacaqdır.
Hazırladı: İsa Musayev