08.05.2025, 00:33
AZ EN
09.03.2024, 17:19 1096

Qərbi Azərbaycan, Qoş kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qoş kəndi Karvansaray rayonunda, Dilican şəhərindən təqribən 17 kilometr şərqdə, dəniz səviyyəsindən 1250 metr yüksəklikdə olan yayla üzərində yerləşir.

Kənddə əvvəllər ancaq azərbaycanlılar, sonralar isə ermənilər yaşayıblar.

1886-cı ilin statistik məlumatlarında Yelizavetpol quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin Qoşavəng kəndi kimi qeydə alınıb. Sovet dövründə Dilican şəhər sovetliyinin tərkibinə daxil olub.

Qoş kəndi yaxınlığında Göy adlı göl mövcuddur.

“Alban tarixi”ndə Sisakan (Zəngəzur) ərazisində Koş kənd adı da çəkilir ki, bu da Babək üsyanı ilə əlaqədar ərəb mənbələrində xatırlanan Xoş kəndi ilə üst-üstə düşür.

Dilican yaxınlığındakı Qoş kəndində XII-XIII əsrlərin yadigarı olan Qoşavəng adlı alban-türk xristian məbədi yerləşir. Məbədə Dilicandan iki yol gedir. Bunlardan biri və ən qısası 10 kilometr uzunluğundadır. Bu yol Dilicandan başlayıb, şərqə doğru uzanır, sıx meşələr içindən keçərək Qoşavəngin qərb tərəfinə enir. İkinci yol xeyli uzundur. Bu yol Karvansaray şosesi ilə uzanıb, Dilicandan 11 kilometr məsafədə Çarxec kəndinin aşağısındakı böyük körpüyə çatır, körpüdən Mixaylovkaya gedən başqa bir şose yoluna çıxır, bu yolla 3 kilometr gedib, sağ tərəfə, Qoş kəndinə gedən dağlıq yola dönür. Bu yolun çox hissəsini avtomobillə getmək olur, ancaq dağlıq qismini piyada, yaxud atla getmək lazımdır.

Bəzi mənbələrdə Qoşavəng məbədinin “Alban salnamələrinin müəllifi, Qoş kəndindən olan Mxitar Qoş tərəfindən tikildiyi göstərilir. Bunu əsas götürən bəzi müəlliflərin məbədin öz adını Mxitar Qoşun adından alması fikri tamamilə məntiqdən kənardır. Çünki Mxitar Qoşun özü ləqəbini Qoş kəndinin adından götürübsə, onda bu kənddəki məbəd niyə öz adını kəndin yox, məhz Mxitar Qoşun ləqəbindən almalıdır. Belə olsaydı, məbəd Qoşavəng yox, elə Mxitarvəng adlanardı.

Elmi ədəbiyyatda məbədin adını Qoş kəndinin adından alması fikri mövcuddur (B.Budaqov, Q.Qeybullayev). Məbədin qoşa kilsədən ibarət olması və bölgədə məhz bu xüsusiyyətinə görə bir neçə məbədin Qoşavəng adlanması faktı bu fikri bir qədər şübhə altına alır. Bizə məlum olan mənbələrin heç birində məbədin Qoşvəng şəklində olmaması, hər yerdə Qoşavəng yazılması da məbədin adının qoşalıq bildirməsi fikrini daha da möhkəmləndirir.

Məbədin yerləşdiyi Qoş kəndi qədimdən Türk-Oğuz boylarının yurdu olmuş, bura ilk ermənilər XIX əsrin əvvəllərində İrandan, Türkiyədən köçürülüb gətiriliblər.

Sovet dövründə ermənilər kəndin adı ilə yanaşı, məbədin də adını dəyişib Nor Getik qoymuşlar. Maraqlıdır ki, 1937-ci ildə İrəvanda nəşr olunan “Dilican rayonunun tarixi abidələri” kitabında Qoş kəndindəki Qoşavəng məbədindən geniş bəhs olunsa da, bir dəfə də olsun abidənin nə vaxtsa Nor Getik adlanması barədə söhbət getmir.

Qoşavəng kompleksinə XII-XIII əsrlərə aid bir neçə dini və dünyəvi abidə daxildir:

1. “Allah evi” adlanan baş məbəd. Onu “Divannamə” (Qanunnamə) müəllifi olan Mxitar Qoş 1191-ci ildə tikdirib. Məbəd günbəzli zal şəklindədir. Baş abidənin dəhlizi onun qərb tərəfində təxminən eyni vaxtda - 1200-1203-cü illərdə Mxitar Qoş tərəfindən tikdirilib.

2. Baş abidənin cənub tərəfində “Müqəddəs Qriqori” adlanan ikinci məbəd 1230-1241-ci illərdə tikilib.

3. Üçüncü abidə 1237-ci ildə tikilib. Dəhlizin cənubunda yerləşən bu abidə ornamentlərlə zəngindir.

4. Baş abidənin cənub tərəfində yerləşən ikimərtəbəli türbə. 1291-ci ildə tikilmiş bu türbənin alt mərtəbəsinin xaçvari kəmərləri gözəl sənət əsəridir.

5. Üçüncü abidənin qapısının sağ tərəfində monumental xaçdaş var. Daş altlıq üstünə qoyulmuş bu xaçdaş ornamentlərlə zəngindir. O, 1291-ci ildə Usta Pavqos (Pavel) tərəfindən hazırlanıb və özü də bu xaçdaşın yanında basdırılıb.

6. “Müqəddəs Ripsimə” kiçik kilsəsi Qoşavəng kompleksindən bir qədər aralıda, Qoş kəndinin şimal-qərbində yerləşir və yonulmuş daşlarla tikilib.

Bütün bunlardan əlavə, monastırın ərazisində bir sıra sövmə və qəbirüstü abidələr də mövcuddur. (AZƏRTAC)

Oxşar xəbərlər