19.10.2024, 07:54
AZ EN
03.07.2022, 10:05 471

Qaraqoyunlu mahalı, Qaraqaya kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan ərazisindəki Qaraqoyunlu mahalının Qaraqaya kəndi 1920-ci ilə qədər, yəni üzdəniraq Ermənistan SSR yaradılana qədər Gəncə quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin tabeliyində olub. 1938-ci ildə Dilican rayonu üç yerə - Dilican, İcevan və Krasnoselo rayonlarına bölündükdən sonra Qaraqaya, Yanıqpəyə, Çaykənd, Bəriabad, Əmirxeyir, Gölkənd, Qaratorpaq, Güneypəyə və Cıvıxlı kəndləri Krasnoselo rayonunun tərkibinə daxil edilib.

“Qaraqaya” oronimi mürəkkəb söz olub sifətdən (qara) və isimdən (qaya) düzəldilib. Oronimdəki “qara” sözü əsl mənasında deyil, məcazi mənada - nəhəng, böyük, iri mənasında işlədilib. Qaraqaya kəndində heç vaxt “qara” rəngli daş olmayıb. Əksinə, əsl mənalarda işlənən Sarıqaya, Səsverən qaya, Ayvazın qayası kimi oronimlər vardır.

Qaraqaya kəndi Murğuz dağının şərq ətəklərində Tərsəçayın sol kənarında, üç yaylanın kəsişdiyi maili yamacda yerləşir. Qaraqaya kəndi İcevan rayonunun Salah, Krasnoselo rayonun Yanıqpəyə, Çaykənd, Bəriabad və Əmirxeyir kəndləri ilə həmsərhəddir. Salahın körpüsündən buraya olan məsafə üç, Qaraqayadan Yanıqpəyəyə beş, Çaykəndə iki, Bəriabada altı, Əmirxeyirə isə on kilometrdir.

Tərsəçayın sağ sahilindən keçən avtomobil yolu ilə Bakı şəhərinə, Dilican, İcevan və Qazax rayonlarına asan gedib-gəlmək olurdu. Qaraqaya kəndinin sıldırım qayalardan ibarət olan ön hissəsi qaratikan, itburnu, zirnc, boyaqağacı, tupulqa kolları, güney palıdı, göyrüş, dəmirqaya və dağdağan ağacları ilə örtülmüşdü.

Deyilənə görə, Qaraqaya kəndinin əsasını Zəryarl tayfasından olan Çopur İsa və Çopur Məmməd adında iki qardaş qoymuşdur. Onlar əvvəlcə Əmirxeyir və Yanıqpəyə kəndlərinin hüdudları arasındakı meşəlikdə özlərinə yurd salmışlar. Meşənin içi rütubətli olduğuna görə arıçılığa pis təsir göstərmiş və onlar bir neçə ildən sonra indiki Qaraqaya kəndinin ərazisinə köçmüş və burada məskən salmışlar.

Aran-yaylaqlı Qaraqoyunlu dərəsi və onun ayrılmaz tərkib hissəsi olan Qaraqaya kəndi gözəl kəndlərdən idi.

Lakin mənfur düşmənlərimiz - erməni daşnakları və onlara havadarlıq edən rus əsgərləri Qərbi Azərbaycanın, eləcə də Qaraqoyunlu dərəsinin yerli sakinlərini 1988-ci ilin qarlı-şaxtalı noyabr-dekabr aylarında vəhşilik və zorakılıqla deportasiya etdilər.

İnsanların ah-naləsi asimana qalxırdı. Dağlı-aranlı, bağlı-bağatlı, laləli-nərgizli, buz bulaqlı, qalın meşəli yurdumuz, evlərimiz, camaatın illər boyu qazandıqları, yığıb topladıqları da yağı düşmənlərin əlində qaldı.

Qərbi Azərbaycan türkləri və eləcə də Qaraqayanın əhalisinin xeyli hissəsi (əsasən Atıcılar, Qaramanlılar, Zəryarlılar tayfaları) XIX əsrin 90-cı illərində (Qərbi Azərbaycanın ruslar tərəfindən ilhaq və işğal edilmiş ərazilərində “Daşnaksutyun” partiyasının yaradıldığı 1894-cü ildən sonra) deportasiyaya məruz qalmış və Türkiyəyə öz qardaşlarına pənah aparmışdılar.

1941-1945-ci illərdəki müharibədə həlak olmuş qaraqayalılardan yalnız üç nəfərin harada həlak olduğu barədə məlumat var. Abdullayev Məhəmməd Rəsul oğlu Zaparojye şəhəri, Hacıyev Nəsir Süleyman oğlu 1942-ci ildə Kursk şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur, leytenant Hacıyev Həmid Süleyman oğlu isə 1945-ci ilin mart ayının 3-də faşistlərin Polşadakı Treblinka hərbi düşərgəsində edam edilmişdir...

Kənd sovetliyi Qaraqaya kəndində yerləşirdi. Yanıqpəyə kəndi də bu sovetliyə tabe idi. Kənd sovetində ayrıseçkiliyə yol verilmirdi. Belə ki, sovetin sədri Qaraqayadan olanda, sovetin katibi mütləq Yanıqpəyədən olmalı idi və yaxud əksinə.

Kəndin yaylaqları, Qaraqayadan təxminən 25-30 km məsafədə yerləşirdi.

1988-ci ildə kənddə 65 ailə yaşamışdır. Tədqiqatçı Elbrus Hacıyevin 2013-cü ildə apardığı hesablamalara görə hazırda Azərbaycanda 400 nəfərdən çox qaraqayalı yaşayır. Onların sırasında onlarla müəllim, həkim, alim vardır. “Vyana gecələri”, “Qızılquşa atılan güllə” tarixi romanlarının müəllifi Nəsib Əfəndiyev, “İrs” folklor ansablının yaradıcısı bəstəkar Rəşid Əfəndiyev, həyatdan vaxtsız köçmüş müğənni-bəstəkar Şəfa Hüseynova qaraqayalıdır. Qaraqaya gəncləri Azərbaycanımızın ərazi bü­töv­lüyü uğrunda fəal iştirak etmişlər. Şəhid qaraqayalılar barədə həmyerliləri tərəfindən onlarla şeir yazılmışdır.

Qaraqayalılar həm də saz-söz vurğunudurlar. Mustafa Aşıroğlunun, Saleh Məmmədovun, Arif Qara­manlının, Dürrə Şirinin bir neçə seirlər, Şirin Məmmədovun, Elbrus Hacıyevin (Qaraqoyunlu) publisistik kitabları işıq üzü görmüşdür. Elbrus müəllimlə tədqiqatçı alim Əziz Ələkbərlinin birgə yazdıqları “Türk mənşəli erməni soyadları” kitabı isə bu gün özlərini erməni yox, hay adlandıran, etnik cəhətdən qarışıq və qeyri-yekcins olan bir toplumun əslini-kökünü üzə çıxarmaq üçün dəyərli tədqiqat əsəridir.

Hazırladı: Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər