18.10.2024, 22:19
AZ EN
10.12.2023, 16:53 233

Qərbi Azərbaycan kəndləri – Çimənkənd

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. 

Çimənkənd Vedibasar mahalının Cığındərə bölgəsində, Böyük Vedi qəsəbəsindən 9 kilometr şərqdə, Vedi çayının kənarında, Aşağı Qarabağlar kəndinin yanında yerləşir.

1920-ci ilədək kənddə ancaq azərbaycanlılar yaşayıb. 1922-1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı kənd olub. Kənddə qismən müsəlman kürdləri də yaşayıb.

Çimənkənd 1870-ci illərin sonu – 1880-ci illərin əvvəllərində Aşağı Qarabağlar kəndindən çıxan ailələr tərəfindən salınıb. Bu iki kəndi bir-birindən Qara qaya adlanan nəhəng qaya ayırırdı.

Kəndin adına ilk dəfə Çimənkənd şəklində “Zaqafqaziya diyarının dövlət kəndlilərinin iqtisadi vəziyyətinin öyrənilməsinə dair materiallar” (1886) kitabında Aşağı Qarabağlar kəndinin adı ilə yanaşı rast gəlirik. Həmin mənbəyə görə, Aşağı Qarabağlar və Çimənkənd kəndlərinin birgə əhalisi 85 ailədə 853 nəfər (461 kişi, 392 qadın) olub.

Kəndin adının mənası ilə bağlı hesab edirik ki, kənd yaşıl çəmənlikli geniş ərazidə salındığından adını da buradan götürüb. Lakin çəmən, çəmənlik sözləri yerli tələffüzdə çimən, çimənlik kimi olunduğundan kəndin adı da Çəmən deyil, məhz Çimən kimi formalaşıb.

Belə bir ehtimal da var ki, kənd Türkiyənin Qaraçəmən mahalından gələnlər tərəfindən salındığı üçün bu adı alıb. Halbuki oxşar toponimlər bütün Türk dünyası boyu səpələnib. İrəvan əyalətinin Dərəçiçək mahalında Çimən-Qut kəndi, Şərqi Anadoluda Çimən-Bel dağı, Azərbaycanın Füzuli rayonunda Çimənkənd kəndləri olub. Qazaxıstanda Çimkənd şəhəri və vilayəti mövcuddur. Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonundakı Həmzəçimən kəndinin və eyniadlı yaylağın adları da həmin kökdəndir.

1914-cü ildə Aşağı Qarabağlar və Çimənkənd kəndlərinin əhalisi birlikdə 1879 nəfərə çatıb. 1918-1920-ci illərdə Aşağı Qarabağlar-Çimənkənd erməni təcavüzünün hədəfinə çevrilib. Milli müdafiə savaşına qalxıb, erməni təcavüzünə layiqli müqavimət göstərən Vedibasar azadlıq ordusunun ən aparıcı bölüklərindən biri də Çimənkənddə yerləşirdi. Ona Vedibasar Milli Komitəsinin 11 üzvündən biri olan Sultan xan Mərəndi rəhbərlik edirdi.

1920-ci ildə Vedibasar erməni daşnakları tərəfindən işğal edildikdən sonra Cənubi Azərbaycana pənah aparan bütün vedibasarlılar kimi, Aşağı Qarabağlar və Çimənkənd kəndlərinin camaatı da bölgədə Sovet hakimiyyəti dövründə doğma yurdlarına qayıdıblar. Lakin onların əksəriyyəti Çimənkənd ərazisində məskunlaşmağa üstünlük verib. Aşağı Qarabağlar kəndi tədricən yerini Çimənkəndə verib və tarix səhnəsindən çəkilib.

1922-ci ildə geri qayıdan çimənkəndlilərin sayı 880 nəfər idi. Lakin camaatın etirazına baxmayaraq erməni hökuməti həmin il Çimənkəndə xaricdən gəlmiş 210 erməni mühaciri də yerləşdirmişdi.

1926-cı ildə kənddə azərbaycanlıların sayı 690 nəfər, ermənilərin sayı 141 nəfər, 1931-ci ildə azərbaycanlılar 663 nəfər, ermənilər 178 nəfər olub. 1931-ci ildə kənddə 34 nəfər müsəlman kürdü də qeydə alınıb.

1937-ci ildə Vedi rayonunun iki inzibati rayona ayrılması və dağlıq hissədə Çimənkənd mərkəz olmaqla Qarabağlar rayonunun yaradılması kəndin iqtisadi və məişət həyatının sürətlə inkişaf etməsinə imkan yaradıb. Az vaxtda kənddə bir və ikimərtəbəli inzibati və şəxsi binalar tikilib, kənd xeyli abadlaşıb. 1939-cu ildə kənddə azərbaycanlı əhalinin sayı 4600 nəfərə çatıb.

Bu yerdə Vedi ərazisində yeni yaradılmış rayonun niyə Qarabağlar adlanması məsələsinə bir qədər aydınlıq gətirməyi vacib bilirik. Məsələ ondadır ki, Vedi və yeni Qarabağlar rayonlarının mərkəzi olan Çimənkənd ilə Böyük Vedi qəsəbəsi bir-birinə çox yaxın olduqları üçün bu, sovet rəhbərliyində xeyli problemlər doğura bilərdi. Buna görə də öz strateji əhəmiyyətini itirmiş olsa belə, Qarabağlar (Yuxarı Qarabağlar) kənd adını yeni rayona ad kimi seçirlər. Rayonun adı ilə onun mərkəzi olan Çimənkənd arasındakı ad uyğunsuzluğunun yeni suallar doğurmaması üçün isə vaxtilə Aşağı Qarabağlar kəndini əvəz etmiş Çimənkənd ilə Yuxarı Qarabağlar kəndini Qarabağlar adlı vahid kənd kimi rəsmiləşdirirlər. Əslində isə rayon mərkəzi Qarabağlar (Yuxarı Qarabağlar) yox, Çimənkənd olur. Bu, Qarabağlar rayonunun ləğv olunduğu 1949-cu ilə qədər beləcə davam edir. 1948-1953-cü illərin deportasiyasında Qarabağlar rayonu ləğv edilir və Çimənkəndin azərbaycanlı əhalisi 1948-1949-cu illərdə məcburi şəkildə Azərbaycana köçürülür. Bununla belə, Stalinin ölümündən sonra bir sıra ailələr geri qayıdaraq öz doğma kəndində yaşamaqda davam edirlər. Bu vaxt kənd sadəcə Çimən adlanırdı.

1972-ci ildə kəndin ümumi əhalisinin sayı 1917 nəfər olub. 1978-ci il yanvarın 25-də Ermənistan rəhbərliyinin qərarı ilə Çimənkəndin adı dəyişdirilərək Urtsadzor qoyulub, 1988-ci ildə isə kəndin bütün azərbaycanlı əhalisi ata-baba yurdundan vəhşicəsinə qovulub.

X  X  X

Çimənkənddə tayfalar çox olsa da, əsas çoxluğu şərəflilər və oruclular təşkil edib. Bu iki tayfa arasında tarix boyu mövcud olmuş düşmənçiliyi sonralar şərəflilərin başçısı Kərbəlayı İsmayıl və orucluların başçısı Usuboğlu İsmayıl davam etdirib.

Şərəflilər tayfası, əslində, İrəvan xanı olmuş Pənah xanın nəslindən idilər. Ehtimal var ki, İrəvan xanlığı ruslar tərəfindən işğal edildikdən sonra Pənah xanın yaxın adamları Vedibasar mahalının etibarlı dağlıq zonasına sığınmış, burada yaşamışlar.

Şərəflilər nəslinin ən görkəmli nümayəndəsi Hacı Nəcəf İsmayıl oğlu olduğundan bu tayfaya Hacıuşağı da demişlər. Hacı Nəcəfin Vedibasar mahalının dağlıq hissəsində çoxlu torpaq sahələri olub. Bu, həmin Hacı Nəcəfdir ki, 1853-cü il Krım müharibəsində iştirak edən 4-cü süvari alayının əsasən Vedibasarın Qarabağlar kəndindən təşkil olunmuş birinci yüzlüyünə komandirlik edib. Hacı Nəcəfin oğlu Məhərrəmin dörd oğlundan (Pənah, Kərbəlayı İsmayıl, İsrafil, Əmir və Əli) Kərbəlayı İsmayılın var-dövləti daha çox, nüfuzu daha böyük olub. 1918-1921-ci illərdə Vedibasar kəndlərinin erməni daşnaklarından müdafiəsində Kərbəlayı İsmayılın başçılığı ilə Hacıuşağı tayfasının igidləri xüsusi qəhrəmanlıq göstəriblər. Məhərrəm Pənah oğlu isə “Qırmızı tabor”un rota komandiri kimi daşnaklara qarşı fəal mübarizəsinə görə 1921-ci ildə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib. 1929-1931-ci illərdə Vedibasarda kolxozlaşmaya qarşı qiyamın başında da Kərbəlayı İsmayıl dayanıb.

Bu gün Pənahın, Kərbəlayı İsmayılın və Əlinin nəvə-nəticələri daha çox Bakı şəhərində, Yevlax, Tərtər, Beyləqan və Samux rayonlarında yaşayırlar.

Kəndin toponimləri

Xaçyurd, Qoturbulaqyurd, Daşqayayurd, Quzey-ağıl, Yarım- ağıl, Kotuz-ağıl, Mustafazağısı-ağıl, Aralıq-ağıl, Düyüdaş-ağıl, Ağdaş körpüsü. (AZƏRTAC)

 

Oxşar xəbərlər