19.10.2024, 02:21
AZ EN
13.08.2023, 17:19 201

Qərbi Zəngəzurdakı qədim yurd yerlərimiz - Şıxovuz kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Zəngəzurun ermənilərin Şikaxox adlandırdıqları Şıxovuz kəndi, indiki Ermənistanın (Syunik) Qərbi Zəngəzur regionunda, Qafan rayonunda inzibati yaşayış məntəqəsidir. Kənd Qafan şəhərindən 23 kilometr məsafədə dəniz səviyyəsindən 980 metr yüksəklikdə yerləşir. Toponim “şeyx” sözünün xalq danışıq dilində işlənən şıx sözü ilə oğuz türk tayfasının adını əks etdirən ovuz etnonimi (oğuz etnoniminin dialekt formasıdır) əsasında əmələ gəlib.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov bildirib ki, 1988-ci ildə Ermənistan hökuməti tərəfindən, kəndin bütün azərbaycanlı sakinləri etnik təmizləməyə məruz qalaraq evlərini tərk etməyə məcbur ediliblər.

F.İsmayılov qeyd edib ki, Şıxovuz kəndinin adı ilk dəfə XIII əsr tarixçiləri tərəfindən çəkilir. Kənd Tatev monastırının vergi ödəyən kəndlərin siyahısında qeyd olunub. Əlverişli iqlimi, çaylarının, bulaqlarının, meşələrinin olması ilə tanınan bu kənd qədim zamanlarda mövcud olub.

Kəndin mərkəzində ermənilərin 1988-ci ildə dağıtdıqları, tikilmiş bazilikanın qalıqları indiyədək qalıb. Abidə 1215-ci ildə tikilib və dini xarakterli olmayıb. Relyef maili olduğundan şimal divarı yarıya qədər torpaqla örtülüb. Kompozisiya baxımından abidə alban memarlığı üslubunda inşa edilib. Giriş qapısı cənub divarında yerləşir. Binanın içərisi pəncərələrlə işıqlandırılır. Qərb və cənub divarlarının hərəsində bir, şərq divarında isə üç pəncərə var. Bina yonulmamış pud daşlar və əhəng məhlulu ilə tikilib. Binanın ətrafında qədim bir qəbiristanlığının izləri müşahidə olunur.

Kəndin ərazisində çayın üzərində 1886-cı ilə aid körpü var. Bu, fasadları və tağları kobud işlənmiş bazalt daşlarından, tağın kənarları isə təmiz yonulmuş və cilalanmış bazalt daşlarından ibarət olan bir aşırımlı tağlı körpüdür. Körpünün yaxınlığında Şıxovuz kəndinin su dəyirmanının xarabalıqları qorunub saxlanılıb.

Tarixçi vurğulayıb ki, həmin ərazidə orta əsrlərə aid yaşayış məntəqələrinin qalıqları, VII-VI əsrlərə aid binaların qalıqları, 17-18-ci əsrlərə aid türbələr, 19-cu əsrə aid körpü, “Xravənd” ziyarətgahı, qərb tərəfdə isə möhtəşəm qalanın xarabalıqları qorunub saxlanılıb. Kənd Şıxauz adı ilə Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub. Sovet dövründə Azərbaycan SSR-in Zəngəzur regionunun, 1930-cu ildən isə Gorus rayonunun tərkibinə daxil edilib. (AZƏRTAC)

Oxşar xəbərlər