25.04.2024, 18:31
AZ EN
17.12.2021, 10:00 673

Zəngibasar mahalı, Qaraqışlaq kəndi

QƏRBİ AZƏRBAYCAN

Qaraqışlaq kəndi Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 9 km şimal-qərbdə, Zəngi çayının sağ tərəfində, su arxının üstündə, Gərnigöz bulağı kənarında yerləşir. 1988-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşayıb, həmin il kəndin bütün yerli əhalisi qovulub çıxarılaraq, kənd erməniləşdirilib.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) İrəvan nahiyyəsinin, “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Qırxbulaq nahiyyəsinin Qaraqışlaq kəndi kimi qeydə alınmışdır. İkinci mənbədə kəndin əsl adının Hacı Bayram, ikinci adının isə Qaraqışlaq olduğu, kənddə Məhəmməd adlı şəxsin timarından dövlətin ildə 7200 ağça gəlir götürdüyü də göstərilib. Yeri gəlmişkən, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) İrəvan nahiyyəsində Qaraqışlaq kəndi ilə yanaşı, Hacı Bayram qışlağı adlı ayrıca kəndə də rast gəlirik. Görünür, yanaşı olan bu kəndlər sonra vahid kəndə çevrilib, Qaraqışlaq adı ilə tanınıb. İ.Şopendə (1832) və sonrakı bütün statistik məlumatlarda kəndin adı Qaraqışlaq şəklində verilib.

Kəndin adının qara və qışlaq komponentlərindən ibarət olduğu özlüyündə aydındır. Qara komponenti türk dillərində böyük mənası verməklə toponimin Böyük qışlaq mənasını ortaya qoyur. Lakin qara sözünün “qəryə” (kənd) anlamını da nəzərdən qaçırmaq olmaz. Xatırladırıq ki, XIX əsrdə Cənubi Qafqazda Qaraqışlaq adlı 7 kənd qeydə alınıb. Təkcə Qərbi Azərbaycanda deyil, XVI-XIX əsrlərdə Maku, Şirakel, Karbi nahiyələrində, Gərnibasar və Zəngibasar mahallarında bu adda kəndlər olub.

İ.Şopendə (1832) Zəngibasar mahalının Qaraqışlaq kəndində 23 təsərrüfatda 151 nəfər (84 kişi, 67 qadın) Azərbaycan türkünün yaşadığı göstərilib. 1873-cü ilin siyahıya-alınmasında  mülkədar mülkü kimi qeydə alınan kəndin  Gərnigöz bulağının kənarında, Zəngi çayının sağ tərəfində yerləşdiyi və 77 təsərrüfatda 735 nəfər (389 kişi, 346 qadın) Azərbaycan türkünün yaşadığı göstərilib.  Kənddə bir məscid binası da qeydə alınıb.

1886-cı ildə kənddə 93 təsərrüfatda 751 nəfər (468 kişi, 283 qadın), 1897-ci ildə 1007 nəfər, 1905-ci ildə 832 nəfər, 1914-cü ildə 1123 nəfər əhali yaşayıb. Qaraqışlaq 1918-ci ildə İrəvan qəzasında erməni-daşnak hücumları nəticəsində ən çox dağıdılan və qətl-qarətlərə məruz qalan kəndlərdən biri olub. Erməni süngüsündən canını qurtaranlar baş götürüb Arazın o tayına pənah aparıblar.

Sovet hakimiyyətinin ilk illərində kənd əhalisinin sağ qalanları doğma kəndə qayıtmaq imkanı qazanıb, iki-üç ildən bəri xaraba qalmış kəndi bərpa etməyə başlayıblar. 1922-ci ildə geri qayıdanlar 514 nəfər olub, 1926-cı ildə onların sayı 753 nəfərə, 1931-ci ildə 850 nəfərə çatıb.

Kəndin torpaqlarında 1930-cü illərdə kolxoz, 1950-ci illərdə sovxoz yaradılıb, kənddə bir çox sosial və inzibati obyektlər tikilib istifadəyə verilib, xeyli abadlaşdırma işləri aparılıb. Adamlar fərdi təsərrüfatlarının inkişaf etdirilməsinə xüsusilə böyük diqqət yetirmişlər. Lakin, təəssüf ki, 1988-ci il deportasiyası zamanı bütün bunlar hamısı əvəzi ödənilmədən ermənilər tərəfindən qəsb edilib, kəndin köklü sakinləri isə doğma yurdundan vəhşiliklə çıxarılıb. Noyabrın 28-də gündüz saat 3-də qəflətən kəndə hücum edən mütəşəkkil erməni quldur dəstələrinə əlbəyaxa müqavimət göstərməyin mümkünsüzlüyünü görən camaat, nəhayət, Türkiyə sərhədinə sığınmaq məcburiyyətində qalıb. Bir neçə gündən sonra isə hərbçilərin köməyi ilə Naxçıvana gəlib çıxıblar. Bu vaxt kənddə 580 təsərrüfatda təxminən 3500 nəfər azərbaycanlı yaşayırdı. Həmin hadisələr zamanı kəndin 1955-ci il təvəllüdlü sakini Tağıyev Müşviq Tağı oğlunu erməni quldurları qəddarcasına qətlə yetiriblər.

Kəndin tarixi Qaraqışlaq adı 1978-ci il yanvarın 25-də dəyişdirilərək Dostluq, 1991-ci il aprelin 19-da isə “erməni oturan yer” mənasını verən Hayanist qoyulub. 

Qaraqışlaq kəndi ilə Dəmirçi kəndi arasında Xaraba kəndi adlanan yer vardı. Bu xarabalıqlarda 1970-ci illərdə qazıntı işləri aparılmış, çoxlu təndir qalıqları və qədim qəbirlər aşkar edilmişdi.

Kənddə iki məscid binası vardı, onlardan birinin xarabalıqları qalırdı, digəri isə 1988-ci ilə qədər işləyirdi.

Qəbiristanlıq kəndin qırağında yerləşirdi.

Kənddə Bəyim nənənin evi də Seyid ocağı sayılırdı.  Hacər bəyim də kəndin seyidlərindən idi.

Kəndin ilk ziyalıları sırasında Eyyub Muxtar oğlu Əliyevin adını çəkmək olar. O, 1919-cu ildə anadan olmuş, 1935-ci ildə kənd yeddiillik məktəbini, 1938-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, 1939-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 2-ci kursundan hərbi xidmətə çağırılmış, Böyük Vətən müharibəsində həlak olmuşdur.

Əkbər Yusifov isə 1934-cü ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunu bitirmiş, sonra təhsilini İrəvan Pedaqoji İnstitutunda davam etdirmişdir. O da Böyük Vətən müharibəsində həlak olmuşdur.

Hazırladı:

Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər