“Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi bu fikirlər Salyan rayonunun Marışlı kəndində yaşayan Zeynalovlar ailəsinin bir gün ata-baba yurdlarına qayıdacaqları günə inamını artırıb. Zeynalovlar ailəsi 74 il əvvəl öz doğma yurdlarından - Qərbi Azərbaycandan sürgün olunub.
Əhməd Zeynalov 1934-cü ildə İrəvandan 30 kilometr aralıda yerləşən Hamamlı kəndində dünyaya göz açıb. Ailədə uşaq 9 olsalar da, onlardan 6-sı rəhmətə gedib. 1941-ci ildə Əhmədin atası müharibəyə yollanıb və döyüşlərdə həlak olub.
Əhməd dayının taleyindəki acı günlər bununla da bitməyib. 1948-ci ildə 14 yaşında ata-baba yurdundan sürgün olunan Əhməd Zeynalov ermənilərin törətdikləri vəhşilikləri hələ də unuda bilmir.
Həmsöhbətimiz anası və iki bacısı ilə birlikdə qaçqınlıq həyatı yaşamağa məcbur olub. Deyir ki, ermənilər ilk gündən azərbaycanlılara qarşı düşmənçilik münasibəti saxlayıblar. Hətta vəziyyət elə yerə çatmışdı ki, axşam bayıra belə tək çıxa bilmirdilər. Sovet dönəmi olmasına baxmayaraq, azərbaycanlı kimi hər zaman təzyiqə məruz qalan Zeynalovlar ailəsi 1948-ci ildə qaçqın düşən zaman olmazın əzablara məruz qalıb.
Həmin anları indi də xatırlayan Əhməd Zeynalov deyir: “Ata-babalarımızdan eşitmişik ki, ermənilər uşaqlarına “türklər sizin düşməninizdir” deyə öyrədirlər. Hələ kiçik yaşlarından bu fikir onların beyninə yeridilir. Ona görə də azərbaycanlıları düşmən gözündə görürlər. Yaxşı xatırlayıram, bir dəfə bazardan qayıdarkən qonşumla rastlaşdım, ayaqüstü söhbət eləyirdik. Ermənilər “bunlar türk uşaqlarıdır” deyərək bizə hücum elədilər və məni başımdan daşla vurdular. Həmin vaxt bazarda olan azərbaycanlılar köməyə gəldilər. Bu cür hallarla tez-tez rastlaşırdıq”.
Əhməd kişi bildirir ki, 7-ci sinfə qədər öz kəndlərində təhsil alıb və ermənilərlə rastlaşmayıb. Amma təhsilini davam etdirmək üçün texnikoma getməli olub. Həmin texnikom isə ermənilər yaşayan ərazidə idi. Ermənilər azərbaycanlı gənclər təhsil ala bilməsinlər deyə, həmin məktəbi də bağlatdırmaq istəyirdilər. Yəni, hər fürsətdə azərbaycanlıları sıxışdırmağa cəhd edirdilər.
“Ata-baba yurdumuzdan qovulanda da bizə işgəncə verdilər. Ailələri yük vaqonlarına yığır, hətta su belə götürməyə imkan vermirdilər. Aramızdan Qazaxıstana sürgün olunanlar da oldu. Bizi tanımadığımız ərazilərə sürgün etdilər, çox insan həyatını itirdi. Bizə vəd verilmişdi ki, evlər tikiləcək, şərait yaradılacaq. Amma heç biri yerinə yetirilmədi. Yalnız öz vətəndaşlarımız bizə qucaq açdılar, onların sayəsində həyatda qaldıq”, - deyə Əhməd Zeynalov o günləri bir daha yadına salır.
Axırıncı dəfə 1972-ci ildə doğma yurdunu görən Əhməd dayı qarşılaşdığı mənzərədən dəhşətə gəldiyini söyləyir: “Bizim kəndimizi ermənilər talan eləmişdilər. Hətta kənd məzarlığını da dağıtmışdılar, baş daşlarını söküb, qəbirləri qazmışdılar. Bu, əməllər ermənilərə xasdır, onlar hər zaman barbarlıqlarını göstərirlər”.
Bütün bu ağrılara baxmayaraq, Əhməd dayı ümidini itirməyib. İnanır ki, mütləq doğma yurd yerlərinə qayıdacaqlar. Çünki o torpaqlar ulu babalarının əmanətidir. (AZƏRTAC)