“İbiş kəndi - qədim oğuz türklərinin məskəni” adlı buraxılışda Ağbaba mahalının, Amasiya rayonunun İbiş kəndinin tarixi, etno-mədəniyyəti, adət-ənənələri, irsi və toponimləri araşdırılıb.
Bildirilib ki, Ağbaba mahalının İbiş kəndi qədim oğuz türklərinin məskəni olub. İbiş kəndi ikiyə bölünüb, bir hissəsi Türkiyə ərazisində, bir hissəsi də Ağbaba mahalı ərazisində qalıb. Qars vilayətinin Qars qəzasında, Amasiya rayonuna aid olan Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olub. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşayıblar, bu ildən sonra Təzə İbiş kəndidə dağıdılıb və erməniləşdirilib.
Qeyd olunub ki, kənd rayon mərkəzindən 14 kilometr şimal-qərbdə, Türkiyə sərhədində yerləşir. Qafqazın beş verstlik xəritəsində adı qeyd edilən kənddə bir çox mənbələrdə qarapapaqların yaşadığı göstərilir. Qarapapaqlar azərbaycanlıların etnoqrafik qruplarından biridir. Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir və quruluşca sadə toponimdir.
Diqqətə çatdırılıb ki, 1991-ci ilin aprelində kəndin adı dəyişdirilib Yerizak qoyulub. Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşayıb. 1916-cı ildə azərbaycanlılar qovulublar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıdıblar. 1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən yenidən tamamilə qovulublar və indi ermənilər yaşayırlar.
Süjetdə görkəmli şəxsiyyətlər yetişdirən İbiş kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, burada əhalinin üsyana qalxmasından, Türkiyə sərhədinə yığışıb sığınacaq istəməsindən, vaxtilə Ağbaba əhalisinin qarslılarla birlikdə dövlət yaratmasından, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin qurulmasından, İbiş kəndində yaşayan oğuz gələnəyindən, toponimlərin, abidələrin necə dağıdılmasından, həmçinin ermənilərin 1988-ci ildə Amasiya rayon katibini bıçaqlamasından və əhalinin buna etiraz etməsindən bəhs olunub.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)