21.11.2024, 18:12
AZ EN
25.12.2022, 11:00 232

Göyçənin sönməyən ocağı

QƏRBİ AZƏRBAYCAN
  • İnsan odun ardınca ocağı kəşf elədi. Ocaq bir tayfanın, bir qəbilənin həm soyuqla, həm vəhşi heyvanlarla, həm də qaranlıqlarla mübarizə zərurətindən yarandı. Zaman keçdikcə odu əldə etmək asanlaşdı və hər ailənin özünün ocağı yarandı. Ailə üzvləri və yaxın qohumlar bu ocağın ətrafına toplaşırdılar. Bəşər mədəniyyətinin formalaşması da bax bu nöqtədən yarandı. Gündüzlər meyvə toplayan, ov edən, əkin əkən insan gecələr ocaq ətrafında rəqs etdi, mahnılar oxudu, nağıllar danışdı. Beləliklə, ocaq sözü həm də mədəni-mənəvi anlayışa çevrilərək tarixin əbədi tədavülünə buraxıldı. İndinin özündə də bu ifadə həm müstəqim, həm də məcazi mənalar daşıyaraq dilimizin əvəzedilməz sözü kimi işlənir.

Ocaq öz məcazi mənaları içərisində həm də ailə ifadəsinin sinonimi kimi səslənir. Dilimizdəki “ocağını söndürmək” ifadəsi bir ailə üçün ən ağır fəlakətdən xəbər verir. Bunun əksinə olaraq, “ocağın yansın”, “ocağının istisi əskik olmasın” deyimləri ən gözəl alqışlardır.

Bir də sənətkar və onun yaratdığı mühit barəsində danışanda ocaq sözündən gen-bol istifadə olunur. Buna ən unikal örnək kimi “Aşıq Ələsgər ocağı”nı göstərə bilərik. Bu üçcə kəlmə Dədə Ələsgərin ailə üzvləri ilə yanaşı ən yaxın qohumlarını, hətta şəyirdlərini də əhatə edir. Dəfələrlə belə bir ifadəyə rast gəlmişik: filankəs Ələsgər ocağının yetirməsidir. Yəni ona çox yaxındır, ya ailə üzvüdür, ya da şəyirdi. Hər kimdirsə Ələsgərlə eyni ocağa qızınıb, eyni işığa pənah aparıb.

Bu mənada Ulu Göyçəmizdə ocaqlar çoxdur. Onlardan biri də Daşkənd kəndindəki Həsən Xəyallı ocağıdır. Xatırladaq ki, saz-söz sevənlərin bir çoxu bu Daşkəndi məşhur şair Alqayıt Xəlilovun kəndi kimi tanıyır. Burdan daha bir məşhur şair çıxıb: Sərraf Şiruyə. Onun “Fələklə nərd atasan / Şeş-beş verən zərin ola” misraları ilə başlanan gəraylısı bütün ölkədə, hətta rəsmi sərhədlərimizdən kənarda olan soydaşlarımız arasında çox məşhurdur. Bu gəraylının bir özəlliyi var ki, onu həm aşıqlar, hım muğam ifaçıları sevə-sevə oxuyurlar. Qiraət ustalarının da tez-tez müraciət etdiyi şeirlərdəndir.

Bax, həmin bu Sərraf Şiruyə Həsən Xəyallı ocağındandır: Həsən kişinin doğmaca oğludur.

Dövrünün ustadı sayılan Həsən Xəyallı 1902-ci ildə doğulub. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən və anası Başxanım Şəfiqızından dini təhsil alıb. Eyni zamanda, saza-sözə çox böyük maraq göstərirdi. Onun yeniyetmə dövrlərində hələ Aşıq Ələsgər sağ idi. Göyçə ədəbi mühiti özünün tərəqqi dövrünü yaşayırdı. Belə bir mühitdə istedadı olan gənclərin seçilməsi təbii hal idi. Həsən Xəyallının sözə həssaslığı, saz musiqisini yüksək səviyyədə duyması və hazırcavablığı lap uşaqlıqdan hamının diqqətini cəlb etmişdi.

Təsadüfi deyil ki, Həsən Xəyallı Aşıq Ələsgər ocağından olan Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə dostluq etmiş, onlarla deyişmişdi.

O, ədəbi yaradıcılıqla məşğul olmaqla yanaşı həm də dini çox yaşı bilən bir ziyalı kimi tanınırdı. Övladlarına da dini bilgilər, ərəb və fars dillərini öyrətmişdi. Onun dini bilgiləri yazdığı şeirlərdə də özünü göstərirdi.

Yaradıcılığı əsasən ölümündən sonra qəzet və jurnallarda çap edilmiş, aşıq sənəti ilə bağlı kitablarda şeirlərinə yer verilmişdir.

Onun yaradıcılığı, əsasən, oğlanları Sərraf Şiruyə və Molla Əmirxan tərəfindən araşdırılmışdı. 40 ilə yaxın aparılan bu tədqiqat işinin nəticəsi olaraq 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi Şurasının qərarı ilə "Axtar məni" adlı şeirlər kitabı çap olundu.

Həsən Xəyallı ocağının üzvləri özündən sonra Göyçədən didərgin düşərək Bərdə rayon ərazisində Yeni Daşkənd adlı kənd saldılar. Təbii, bir yerdə olmaq, Göyçədə qazandıqları dəyərləri itirməmək üçün... 

Həsən Xəyallının altı oğlunun beşi şeir yazırdı: Molla Əmirxan, Aqil İman, Nəbi Həsənoğlu, Sərraf Şiruyə, Eldar Həsənli...

Həsən Xəyallı ocağı gənc davamçılarının şəxsində bu gün də öz işığını bizdən əsirgəmir. Söhbət ustadın nəvələri Qılman İman, Əli Məhərrəmov, Zülfiyyə Şiruyəqızı və başqalarından gedir. Xüsusən Qılman İman ədəbi mühitlə sıx əlaqədədir, mətbuatda vaxtaşırı şeir və məqalələrlə çıxış edir. O, mərhum şair Aqil İmanın oğludur.  

Biz yazımızı yaza-yaza özümüz də bilmədən bir həqiqətin mahiyyətinə varmış olduq: bir ocağı sözün müstəqim mənasında söndürmək mümkündür, ancaq məcazi mənada əsla! Məşhur ifadəni bir balaca dəyişib belə söyləyə bilərik: bir dəfə çatılan ocaq, bir daha sönməz. Çünki o həm də könüllərdə qalanır, söz-söz, şeir-şeir öz işığını aləmə yayır. Həsən Xəyallı ocağı kimi... Ulu Göyçə gavurlar əlində yeksan oldu, bütün ocaqlar söndürüldü, lakin otuz il sonra belə o cənnət diyar bizim qədər heç kimin deyildir. Çünki onu biz öz ruhumuzda yaşadırıq, ocağının istisini daim canımızda hiss edirik.

Həsən Xəyallı ocağını tamam söndürmək üçün gərək Azərbaycan dili olmasın, saz-söz sənəti tamam unudulsun. Bu isə fiziki olaraq mümkün deyil. Elə ocaqlar var ki, onun odu sonuncu azərbaycanlı dünyadan köç edənə qədər sönməyəcək. Ancaq zamanımızda bunun tamam əksini görürük. Azərbaycan güclənir, böyüyür, əhalisinin sayı durmadan artır. Sonuncu Qarabağ müharibəsi zamanı həm də dünyanın hər tərəfinə dağılmış soydaşlarımızın ağlagəlməz birliyini hiss elədik. Cənubdan Təbriz, şimaldan Dərbənd, qərbdən Borçalı səsimizə səs verdi. Elə buna görə 44 günün içərisində dostu da, düşməni də heyrətə gətirən qələbələr qazandıq.

Qalib Azərbaycan əsgəri tezliklə düz Göyçəyəcən gedib çıxdı. Ordan real şəkillər, videomateriallar gördük. Düşmənlərimiz bir gerçəkliyi anladı: Azərbaycan nəinki işğala məruz qalan ərazilərini, hətta nə vaxtsa bizdən qoparılmış tarixi torpaqlarını da geri qaytarmaq iqtidarındadır. İndi həqiqətləri soruşmaq məqamıdır. Bu həqiqətlərdən biri də Göyçədir. Biz tezliklə Həsən Xəyallı kimi məzarı sərhədin o üzündə qalan onlarla ustadımızı ziyarət edəcək, ruhuna dualar oxuyacağıq. O ustadlar ki, ölümləri ilə, vətən torpağına qarışmaqla özləri də vətənləşiblər.

Bundan sonra ocağımız daha gur yanacaq. Bizi ruhani qaranlıqlardan, insan vəhşiliyindən və mənəvi soyuqlardan qoruyacaq.

1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır.

Şərif AĞAYAR

Oxşar xəbərlər