Rufik İsmayılovun bu dəfəki qonağı araşdırmaçı Sabutay Hacıyev olub.
O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndindən, məktəb illərindən, uşaqlıq və yeniyetməlik xatirələrindən söhbət açıb: “Mən orada doğulmuşam, atam-anam, babalarım orada doğulub. Yaşayıb, məzarları ordadır. Qərbi Azərbaycan mənim üçün qibləgahdır, ürəyimdə yaşatdığım Vətən həsrətidir”, - deyən S.Hacıyev Göyçənin təbiətinin gözəlliyini sözlə tam ifadə etməyin qeyri-mümkün olduğunu vurğulayıb. Bildirib ki, Nərimanlı kəndi ərazisində Qafqaz Albaniyası dövrünə məxsus qəbiristanlıq, tarixi abidə olub. Onun sözlərinə görə, ermənilər zaman-zaman saxtakarlıq edərək, xristian türklərə məxsus olan bu abidələri mənimsəyiblər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan S.Hacıyev qeyd edib ki, onların ailəsi iki dəfə deportasiyaya məruz qalıb: “Ata və ana babamgilin ailələri 1948-1953 cü ilin deportasiyasında Qərbi Azərbaycandan didərgin düşüblər. Onlara rəsmi sənəd kimi adi bir köç vərəqi təqdim olunub. Bunun ardınca onlar Azərbaycanın aran rayonlarına köçürülüblər. Lakin bir müddət sonra yenidən doğma el-obalarına qayıdıblar. Böyüklərimiz danışırdılar ki, ötən əsrin 1905, 1918-ci il deportasiya və qətliamlarında soydaşlarımız daha böyük faciələrə mərzu qalıblar. Göyçədə Sümük tökülən dərəsi adlandırılan bir ərazi var idi. Yaşlı nəsillər deyirdilər ki, ötən əsrin əvvəllərində azəraycanlılar deportasiya ediləndə bu ərazidə çovğuna düşüb kütləvi şəkildə həlak olublar. Yay aylarında həmin dərənin aşağısına doğru hərəkət edəndə orada çoxsaylı insan sümüklərinə rast gəlinirdi. Sonuncu dəfə isə deportasiya mənim yeniyetməlik dövrümə təsadüf edib. 1988-ci ildə ermənilər Basarkeçər kəndlərinin rayon mərkəzi ilə bütün əlaqələrini kəsmişdilər. Yaşayış məntəqələrinə erməni hücumları olduğu üçün gecələr kəndlərin girişində kişilər növbə çəkirdilər. Məcburiyyət qarşısında qalıb bir müddət sonra kəndimizi tərk etdik. Gecə saat 2-3 radələrində ermənilər köç karvanının qarşısını kəsib bizə hücum etdilər. Həmin vaxt orada böyük münaqişə yarandı. Belə çətinliklərlə üzləşə-üzləşə Azərbaycana gəlib çatdıq”.
S.Hacıyev sonra bildirib ki, 1988-ci il hadisələrində azərbaycanlılar Qərbi Azərbaycandan tamamilə deportasiya edildikdən sonra ermənilər orada yaşayan digər xalqların nümayəndələrinə də eyni münasibəti göstəriblər: “Basarkeçər rayon mərkəzindəki 3 nömrəli rus məktəbində orta təhsil alırdım. Mənimlə eyni sinifdə rus, yunan, alman, ukrain, belarus və kalmıklar da təhsil alırdılar. Eyni zamanda bu millətləri təmsil edən, müxtəlif fənlərdən bizə dərs deyən müəllimlərimiz də var idi. 1988-ci ildə azərbaycanlılar deportasiya olunandan sonra qeyd etdiyim xalqların mümayəndələri də çoxsaylı təzyiq, təhdid, hədə-qorxu və fiziki zorakılıqlarla üzləşiblər. Məcburiyyət qarşısında qalıb Qərbi Azərbaycanı tərk ediblər. Sinif yoldaşlarım və müəllimlərimin bəzisi ilə sonradan internet üzərindən əlaqəm yarandı. Söhbət zamanı bildirirdilər ki, ermənilər onların uşaqlarını oğurlayıb, qarşılarını kəsib döyüb, yaşadıqları binaların girişində partlayışlar törədiblər. Elə bu kimi hadisələrə görə 1988-ci il hadisələrində Qərbi Azərbaycanı tərk etmək məcburiyyətində qalan yalnız slavyan mənşəli sakinin sayı iki mindən çox idi. Ümumiyyətlə, ermənilərdə digər xalqlara qarşı böyük kin və nifrət var”.
Xatırladaq ki, “Qərbi Azərbaycan Xronikası” layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan başqa, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ