26.04.2024, 02:50
AZ EN
24.11.2022, 17:20 389

Qərbi Azərbaycan bizi gözləyir

QƏRBİ AZƏRBAYCAN
  • 1988-ci ilin fevralında Dağlıq Qarabağda ermənilərin növbəti ərazi iddiaları ilə müşaiyət olunan tələblərlə çıxış etməsi, hadisələrin qloballaşdırılaraq əvvəlcə SSRİ-nin, sonra beynəlxalq təşkilatların problemləri kimi qələmə verirdilər. «Ermənistan» adlanan qədim Türk torpaqlarından on minlərlə soydaşımız cəmi bir neçə gündə doğma yurdundan didərgin salındılar. Bütün bunların nəticəsində 24 noyabr 1988-ci ildə Moskvada bütün azərbaycanlıların dekabrın ortalarınadək «Ermənistan»dan çıxarılması barədə qərar qəbul olundu.

Həmin ilin 24 noyabrından 5 dekabrınadək Sovet imperiyası əsgərləri və erməni şovinistlərinin birlikdə apardığı zorla köçürülmə həyata keçirildi. Bu işdə ən acınacaqlı məqam bu idi ki, sapı özümüzdən olan baltalar da canfəşanlıqla «fəaliyyət» göstərirdilər. Düz 34 il əvvəl baş verən hadisələr sadəcə soydaşlarımızın öz dədə-baba yurdlarından qovulduqları qanlı tarixin növbəti ildönümü deyil, həm də yada salmaqla unutmamağa borclu olduğumuzun təsdiqidir.

Daim Azərbaycan dövlətinrin siyasətində bir saylı problem və istiqamət olan Qarabağ münaqişəsi kimi taleyüklü məsələ ilə bağlı fikir və rəylər onu deməyə əsas verir ki, Qarabağ və ətraf rayonların işğalı məhz o qərardan başlanır.

Doğma torpaqlara uzun illər boyu içi göynəyən, ağbirçək və ağsaqqallar da, sağlam tərbiyə görmüş gənclər də yaxşı anlayırlar ki, bizdən hər an imdad diləyən bir Vətən də var və nə vaxtsa o yurd yerlərinin əsil sahibləri qəti savaşa atılacaq, yoxsa vətən bizə oğul deməz. Çünki Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək, Qaraqoyunlu, Vedi və b. mahallarda hələ də azərbaycanlılar yaşamır. 1988-ci ilin o qanlı olaylarından qisas hissi ilə Qarabağa üz tutub erməniləri oradan çıxarmaq istəyən soydaşlarımızın qarşısında rus əsgərlərindən və yerli milislərdən canlı-qanlı divar çəkdirənlər hələ də Vətən qarşısında cavab verməyiblər.

«Ermənistan»dan qovulma hadisəsindən danışarkən xüsusi diqqət çəkən bir məqam da var. 1988-ci ildə, lap sonralar da Vətən anlayışının mənasını öz cılız hissləri, düşüncələri səviyyəsində başa düşənlər söyləyirdilər ki, guya «Ermənistan»da düşmənlərə müqavimət göstərmədən onlar şəhərdə rahat həyat naminə gəliblər. Həqiqət isə budur ki, Qarabağ separatizmi başlamazdan əvvəl Moskvaya, Bakıya məktublar göndərir, böyük təhlükə barədə həyəcan təbili çalırdılar. Bu müraciətlər tədbirsiz, cavabsız qalırdı. Danılmaz bir faktı da qeyd edək ki, ermənistanlı soydaşlarımız düşmənə ciddi müqavimət göstərmişdilər. Onlar yaşadıqları rayonların, demək olar ki, hamısında mitinqlər, tətillər təşkil edir, «Qarabağ bizimdir», «Torpaqdan pay olmaz» kimi şüarlarla düşməndə vahimə yaratmışdılar. Qaraqoyunlu və qonşu Göyçə mahalında 1988-ci ilin iyununda isə mitinqlər artıq özünümüdafiə xarakterindən siyasi müstəviyə keçmişdi. «Göyçə mahalına muxtariyyət» amalı ilə keçən mitinqlər erməniləri vəlvələyə salmışdı və onların çoxu ailələrini Sevana, İrəvana qaçırmışdılar. Amma Vəzirovun dayaz düşüncələrinin əlində əsir qalmış bəzi tanınmış ziyalılar bölgəyə gəlib erməni-Azərbaycan «dostluğu»ndan, Moskvanın, Vəzirovun uzaqgörənliyindən «leksiya» oxuyurdular. Bax onda bilindi ki, arxalı köpək niyə Qurd basırmış.

Bir daha xatırlatmağa dəyər ki, Vətən və Millət naminə görülən bütün işlərdə döyüş meyarlarımız diqqət mərkəzində olmuş, çox da uzaqda olmayan 2020-ci ildə əl-ələ, çiyin-çiyinə verib «Qarabağ Azərbaycandır!» deyə Zəfər savaşına qalxmış xalqımız tariximizə şərəfli səhifələr yazıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan uğrunda da nə vaxtsa qəti savaşa atılacaq, torpaqlarımızı işğaldan azad edəcəyik. Axı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gündə düşmənin belini qırdı, Qarabağ və ətraf rayonlar azad olundu. Bu gün demək olar ki, Zəngəzur və Göyçə mahalları Azərbaycan əsgərlərinin nəzarət dairəsinə daxildir. Aparılan işlər onu deməyə əsas verir ki, 1988-ci il deportasiyası nəticəsində yurdlarından didərgin düşən soydaşlarımız da öz ocaqlarına dönəcəklər.

İsa MUSAYEV

Oxşar xəbərlər