XIX əsrin əvvəllərində sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində üç məscid qeydə alınmışdır. Həmin məscidlər - Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləridir. Verilən məlumatlara görə Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında inşa edildiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Yuxarıda adıçəkilən məscidlərdən ikisi 1930-cu ildə İrəvan şəhərinin baş planının qurbanı olmuşdur. 1988-ci ilə qədər fəaliyyət göstərən yeganə məscid isə Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin hicri təqvimi ilə 1327 ci ildə - yəni 1909-cu ildə inşa edildiyi göstərilmişdir.
Məscidin minarəsi olmadığı üçün binanın damında 1.5 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərinə dəmir barmaqlıqlarla əhatələnmiş məhəccər quraşdırılmışdır. Ona görə də məscid Çətirli məscid də adlanırdı. 1990-cı ildə Dəmirbulaq məscidi dağıdılmış, yerində hündürmərtəbəli yaşayış binası tikilmişdir.
İsa MUSAYEV