25.06.2025, 23:06
AZ EN
26.07.2023, 16:08 403

Arazdəyəndə yenə də tonqallarımız alovlanacaq

QƏRBİ AZƏRBAYCAN
  • Torpağımızda yer verdiyimiz nankor qonşumuz erməni tayfası Vəli dağı, Qaraburun, Kərki kəndi, Dəvəli, Çimən kəndi, Şirazlı, Qaralar kimi yüzlərlərlə azərbaycanlılara məxsus toponimi yer üzündən silsə də, əzəli, doğma yurd yerlərimizi yaddaşımızdan silə bilməyiblər. Yurdunun gözəl havasından, dağlarından, yaylağından ayrılmağa məcbur edilən insanlarımız harada məskunlaşsalar da gözlərinin ilk gördüyü, uşaqlıq, gənclik illərini keçirdikləri, hər daşına, qayasına bələd olduqları ana yurdu bir an belə unutmayıblar.   

Bu gün 87 yaşı olan Üzeyir Həsənov da qədim Azərbaycan torpağı olan ata-baba yurdu Arazdəyən kəndindən deportasiya ediləndə 52 yaşı və 5  övladı  vardı. O vaxt 7 bacı və üç qardaş olan böyük ailədən bu gün bir qardaş və bir bacı qalıb. Üzeyir kişi Arazdəyən kəndinin sakini kimi o yerləri indiyədək unuda bilmir: “Polis maşınları ilə küçəyə çıxıb qışqırırdılar ki, buradan çıxıb gedin. Axı insan öz ana vətənindən hara getsin və niyə getməlidir ki...”

Aliyə Həsənova Arazdəyəndən ayrılanda onun cəmi 12 yaşı vardı. Amma deyirlər uşaqlıq xatirələri heç vaxt yaddan silinmir: “Yaşım az olsa da, oranı unutmamışam. Novruz bayramını keçirməyə bizə icazə vermirdilər. Amma biz buna məhəl qoymurduq. Yolboyu yeddi tonqal qalayırdıq. Tonqalların üzərindən hoppanaraq sonra gedib papaq atardıq. İndi yenə o torpaqlara qayıtmaq, tonqal qalamaq, doğmalarla bir yerdə yaşamaq və adət-ənənəmizi yaşatmaq istərdik”.

Ata-analarımız Qərbi Azərbaycanı görməyən övladlarına, nəvələrinə həmişə o yerlərdən danışır və bu qədim ocaqlarımızı onlara elə tanıdırlar ki, uşaqlarımız doğma torpaqları görməyə can atırlar...

İllərdi düşmənin havadarları ilə birləşib dünyanın bizə unutdurmaq istədiyi nağıllara daha çoxları inanmır. Çünki onlar da Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qazandığı Zəfərdən sonra əzəli torpaqlarımız olan Qərbi Azərbaycana da dönüşümüzün möhtəşəm olacağına inanırlar.

Mina RƏŞİD  

Oxşar xəbərlər