Qərbi Azərbaycanın Qəmərli (Artaşat) rayonu ərazisində salınmış Sabunçu kəndi rayon mərkəzindən 89 km şimal-qərbdə Gərni çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin digər adı isə Şeyxzadə Əli Sabunçu olmuşdur. Buradan aydın olur ki, toponim türk mənşəlidir və uzun illər boyu bu yaşayış məntəqəsində Azərbaycan türkləri yaşamışlar. Lakin çar Rusiyasının Qafqazı işğal etməsindən sonra İran, Türkiyə, Livan və başqa ölkələrdən erməniləri köçürüb bu ərazilərdə məskunlaşdırıblar. Beləliklə də digər kəndlər kimi Sabunçu kəndində də ermənilər yaşamağa başlayıb. 1918-ci il mart qırğınları zamanı kəndin azərbaycanlı əhalisinin çox hissəsi məhv edilmiş, qalanları deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıtmışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azərbaycanlılar sonuncu dəfə deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. 1914-cü ildə kəndin əhalisinin sayı 1537 nəfər olduğu halda, köçürülmə ərəfəsində 1000 nəfərdən də çox adam azalmışdır. Bu isə daşnakların soydaşlarımıza qarşı törətdikləri genosidin miqyasını göstərir. Kənddə iki məscid, məktəb fəaliyyət göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə Sabunçu adı dəyişdirilərək Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur.
İsa Musayev