05.02.2025, 13:58
AZ EN
17.08.2023, 14:35 378

“Qərbi Azərbaycan Xronikası”: Erməni bloger İrəvan azərbaycanlıları barədə həqiqətləri etiraf edir

QƏRBİ AZƏRBAYCAN
  • “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Baku”TV-də efirə gedən növbəti verilişdə gənc erməni blogerin İrəvan azərbaycanlıları barədə etiraflarından bəhs edilir:

“Bu qızın adı Hasmikdir. Özü haqqında hələ bir neçə il əvvəl yazırdı ki, İrəvanda doğulmuşam və yaşayıram. İrəvanda 174 saylı orta məktəbdə oxumuşam. Təhsilimi Mxitar Sevastasi təhsil kompleksinin tam orta məktəbində davam etdirmək istəyirəm”.

Müəllif qeyd edir ki, arzusuna çatan Hasmik Vardanyan blokçu kimi də fəaliyyətə başlayır. Dünyaya fərqli, erməni millətçiliyi, şovinizm xəstəliyi ilə deyil, gerçəkdə olanlarla baxmaq istəyir. İrəvan Mxitar Sevastasi təhsil kompleksində 11-ci sinfində təhsil alan Hasmik Vardanyan 2020-ci ildə WORD-PRESS-də özünün fərdi blokunu yaradaraq,  müxtəlif mövzuda yazılarını paylaşır. Ədəbiyyat, görkəmli şəxsiyyətlər, heyvanlar aləmi haqqında yazılar yazan Hasmiq öz kəndi haqqında qeydlər edir.

O, kənd Kəndqassax çayının sağ sahilində yerləşir. 1830-cu illərdə qurulub. Sağmosavan əhalisinin əcdadları İrandan Ermənistana köçüblər. Kəndin  əvvəllər Sağmosavan Sağmasavank adları olub. İrəvan quberniyasının Eçmiədzin qəzasına daxil olub və adını Sağmosavank monastrının adından alıb.  Əslində söhbət Əştərəkdə yerləşən Sağmosavan kəndindən gedir. Toponim türk dilində  cığır, bataqlıqdan keçən çay keçidi mənalarında işlənən sakma, sokma və türk dilində qala mənasında işlənən vəng sözlərindən əmələ gəlib. Toponim cığır kənarlarında yerləşən qala yanında kənd yaşayış yeri mənasını ifadə edir.

Kənddə 1831-ci ildə 131 nəfər yalnız azərbaycanlı, 1873-cü ildə 100 nəfər, 1886-cı ildə 141 nəfər, 1897-ci ildə 185 nəfər, 1914-cü ildə bura köçürülən ermənilərlə bərabər  404 nəfər azərbayanlı yaşamışdır. Elə gənc Hasmik də özü haqqında yazıda əsillərinin İrandan gəldiyini qeyd edir. Yuxarıdakı statistik məlumatlardan göründüyü kimi, ermənilər kəndə 1850-ci illərdən sonra köçürülüb. Burda 1922-ci ildə 36, 1926-ccı ildə 53, 1931-ci ildə 65 nəfər azərbaycanlı yaşamışdır. SSRİ nazirlər sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-53-cü illərdə zorla tarixi torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür. Beləliklə, kənd erməniləşdirilmişdir.

Verilişdə bildirilir ki, yeni nəslin nümayəndəsi Hasmik ərazi iddiası ilə və qonşularla daim müharibə içində olmaqdan ibarət erməni xəstəliyinə yoluxmayıb. Əksinə, öz millətindən olanların törətdiklərini tarixi gerçək kontekstində çatdırmağa çalışır. Gənc blokçunun “Ermənistandakı azərbaycanlılar” yazısı diqqətimizi çəkdiyi üçün bu məqaləni olduğu kimi çatdırmaq istəyirik:

-Hasmik Vardanyan, Mxitar Sevastasi təhsil kompleksi orta məktəb, 11-ci sinif. “Ermənistandakı azərbaycanlılar”

“ “artsax” münaqişəsinə qədər Ermənistanda çoxlu sayda azərbaycanlılar yaşayırdı. “artsax” müharibəsindən sonra  Ermənistan-Azərbaycan arasında yaranmış gərgin vəziyyət nəticəsində Azərbaycan icması Ermənistan ərazisini tərk edib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 2004-cü ilin məlumatına görə Ermənistanda 30 azərbaycanlı yaşayır. Azərbaycanlılar milli azlıq statusuna malik deyillər. Lakin bir sıra beynəlxalq strukturların statistik məlumatlarında qeyd olunurlar. Bu faktın əksinə olaraq, Ermənistanın milli statistik məlumatına görə hazırda nə Ermənistanın milli statistikasının məlumatına görə, nə hazırda nə Ermənistan, nə də “artsax” ərazisində azərbaycanlı yaşamır. İrəvan  xanlığı dövründə Ermənistanda yaşayan azərbaycanlıların sayı artdı. 1829-cu ildə  fars işğalınıdan azad edilmiş Ermənistanda 300 13 min azərbaycanlı, İranın Qərbi Azərbaycan bölgəsinin fars əhalisi və digər türklər və bu ad altında 50 minə yaxın yezidi-kürd yaşayırdı.

1918-1920-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin gərgin olmasına baxmayaraq, Ermənistan demokratik respublikada 12 minə yaxın  müsəlman-azərbaycanlı yaşayırdı. Ermənistanın sovetləşməsindən sonra Ermənistanda yaşayan azərbayanlı icmasının əralisi yenidən artdı. 1939-cu ildə Ermənistan SSR-də 130 mindən çox, 1959-cu ildə 107 mindən çox,  1970-ci ildə  148 mindən çox azərbaycanlı yaşamışdır.

Etnik təmizləmədən sonra Ermənistan hakimiyyəti Azərbaycanın mədəniyyət və təhsil müəssisələrini bağlamağa başlayıb. 1989-cu ildə İrəvandakı Azərbaycan səyyar Teatrının binası sökülüb. 1990-cı ildə isə bulduzerlə İrəvanda vaxtilə azərbaycanlıların ibadət etdiyi məscidlərin birindən başqa hamısını dağıdıb. Ayaqda qalan yeganə islam-şiə tikilisi Göy məscid idi. Ermənistanda olan fars icmasının mənəvi ehtiyaclarına xidmət etməyə başladı”.

Verilişdə vurğulanır ki, burda müəllif 1882-ci ildə İrəvanda yaradılan  Azərbaycan teatrının 1988-ci ildə  dağıdılmasını qeyd edir: “Erməni vandalizmi dini abidə, qəbir yeri, teatr, tarixi yer fərqi olmadan bütün Azərbaycan izlərini dağıdırdı. Dağıtmadığını isə adını, tarixini, mənsibiyyətini saxtalaşdırırdı. Müsəlman kəndlərində etnik təmizləmə aparıldıqdan sonra din manipuliyasiyası baş verdi. Əvvəllər Azərbaycan dilində olan yaşayış məntəqələrinin adları erməni yer adları ilə  əvəz olunurdu. Qeyd edək ki, bu proses hələ 1930-cu ildən başlayır. “artsax” müharibəsi başa çatdıqdan sonra Ermənistan və yeni yaradılmış “artsax” hakimiyyəti onların idarə etdikləri ölkələri azərbaycanlı əhalidən təmizləndiyini elan etdi”.

“Gənc erməni qız yalnız gerçəyi və faktları yazır. Əlbəttə, rəsmi erməni tarixçiləri və statistika hələ sovet dönəmində gerçək göstəricilərə əl gəzdirsə də, İrəvan Xanlığının Rusiya tərəfindən işğalını İran müstəmləkəsindən azad olmaq kimi təqdim etsə də, Qərbi Azərbaycanda türklərin mövcudluğun indiki kimi danmırdılar. 

Bu erməni gənc də soydaşlarının mədəni tarixi irsə barbar yanaşmasını, ad dəyişdirmə siyasətini, bulduzerlə mədəni, tarixi, dini abidələri dağıtmasını acı gerçək kimi etiraf edir. Daha sonra müəllif etnoqraf hökumətin milli azlıqlar və dinlərlə iş şöbəsinin müdiri Hranuş Haratyanın sözlərinə sadəlövhlüklə inanıb,  Ermənistanda hələ də azərbaycanlı yaşadıqlarını deyir və onları  riskli etnik qrup hesab edir. Məktəbli qız erməni rəsmi məlumatlarının yalanına güvənib İrəvanda, Sərdarabadda və Basarkeçərdə azərbaycanlıların yaşadığını yazır. Hasmik Vardanyan Hranuş Haratyana istinadən sonuncu siyahıyaalmada Ermənistanda azərbaycanlıların çoxluq təşkil etdiyini qeyd edir. Riskli etnik qrup hesab olunduğundan, azərbaycanlıların ümumi sayını bildirmək  beynəlxalq səviyyədə qadağan olduğunu yazır. Bu isə Ermənistanın rəsmi dairəlirinin uydurduqları böyük yalanların tərkib hissəsidir. Onlar Ermənistanda azərbaycanlıların yaşadığını, lakin risk olduğu üçün daim açıqlanmadığını deyirlər. Əslində isə müəllifin  əvvəldə qeyd etdiyi kim, Ermənistan ərazisində  qarışıq ailələrdə 30 nəfər azərbaycanlı  yaşayır - cəmi 30 nəfər. Hasmikin soydaşları təkcə XX əsrdə bir neçə dəfə soyqırımı, etnik təmizləmə, talan və kütləvi qırğın törədərək 100 minlərlə azərbaycanlını öz tarixi yurdundan qovublar. Amma Hasmik bu xəstəliyə yoluxmayıb və gerçəyi etiraf edərək özü yazır ki, azərbaycanlılar 1920-ci ildən sonra öz vətənlərinə qayıtdılar. Tarixi sevən gənc qız hər şeyin təkrarlanacağına və azərbaycanlıların öz doğma yurdlarına qayıdacaqlarına, yəqin ki, əmindir”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər