B.Abbasov bildirib ki, ata və anasının 1918-1921-ci illərdə baş verən deportasiya zamanı üzləşdiyi haqsızlıqları o, kiçik və yetkin yaşlarında yaşamağa məcbur olub. “Anam deyirdi ki, azərbaycanlıların yaşadığı Yengicə 1919-cu ildə ermənilərin hücumuna məruz qalıb. Ermənilər kənddəki evləri və məscidi içərisindəki insanlarla birlikdə yandırıblarmış. Kəndin əhalisi 1948-1953-cü illərdə də deportasiyaya məruz qalıb. Boşalmış azərbaycanlı evlərinə isə xaricdən gətirilən erməniləri yerləşdirilib. Xatırlayıram ki, insanları öz ev-eşiklərindən çıxmağa məcbur edirdilər. Köçənlər Ağstafa, Bərdə, Salyan və digər yerlərə üz tutmağa məcbur olurdular. Deportasiya edilənlərdən bəziləri bu dərdə dözməyib dünyasını dəyişdi”, - deyə o bildirib.
Bilal baba ermənilərin Qərbi Azərbaycan torpaqlarından soydaşlarımıza məxsus izləri silməyə çalışdıqlarını da dilə gətirib. “Əhalisi qovulan kəndlərdən bəziləri ləğv edilib. Əzizkənd, Məngük, Kolanlı, Bağçacıq kimi 10-larla kəndin adını çəkmək olar. Həmin kəndlərin bir qismi örüş sahəsi olub. Yengicənin qəbiristanlığı əvvəllər kəndimizlə Qaralar kəndi arasında idi. 1950-ci ildə ermənilər bu qəbiristanlığın yengicəlilərə aid hissəsini ləğv edərək, yerində Qaralar kolxozunun alma bağlarını saldılar. Qəbiristanlığın ərazisini gecə ikən şumladılar. Orada əmim oğlunun da qəbri var idi. Əhali sonradan kəndin kənarında yeni qəbiristanlıq salmağa məcbur oldu. Kəndimizin yaxınlığındakı təpəliklərdə qədim qəbiristanlıq da vardı. Camaat deyirmiş ki, uzunluğu 3 metrə qədər olan qəbirlər Oğuz qəbirləridir. Ermənilər bu izləri də itirib, həmin yerdə toyuqçuluq ferması tikiblər. Onların Vedi rayonu ərazisində yol çəkmək bəhanəsi ilə digər qədim qəbiristanlığı dağıtdıqlarını da bilirəm”, - deyə o nəzərə çatdırıb.
B.Abbasov deyib ki, ermənilər daim soydaşlarımıza nifrətlə yanaşıb: “Sonuncu deportasiyaya qədər dəfələrlə etnik təmizləmə aparılan Yengicədə 120 ev azərbaycanlılara məxsus idi. Kəndimizdəki ermənilər isə xarici ölkələrdən sonralar köçürülənlər idi. Uşaq olanda şikəst bir erməniyə su daşımağa kömək edirdik. Bizə dedi ki, siz çalışın buralardan çıxıb gedin, yoxsa hamınızı qıracaqlar. İllər sonra onun oğlu kəndimizə hücum edən daşnaklardan biri idi”.
Həmsöhbətimizin sözlərinə görə, ermənilər bütün sahələrdə vəzifədə olan azərbaycanlıların işdən çıxarılmasına planlı şəkildə tədricən nail olublar. “Soydaşlarımıza iş verilməyib. Ali təhsil alıb, gələnlər işsiz qalıblar. Yengicənin azərbaycanlı sakinləri əsasən ermənilərin sədrlik etdiyi kolxozda işçi olaraq çalışmağa məcbur ediliblər. Bu səbəbdən 1966-1970-ci illərdə bəzi sakinlər kəndi tərk etməli oldular. Mən elektrik şəbəkəsində işləyirdim. Ermənilər orada da azərbaycanlılara fərq qoyurdular, haqsızlıq edirdilər. Məcbur olub, işdən çıxdım. Həkimlər də bizi düzgün müayinə və müalicə etmirdilər. Məsələn, ayağı çıxan bacımı 10 il get-gələ salmışdılar. Bunun fərqinə Azərbaycanda həkimə müraciət edəndə vardıq”, - deyə o vurğulayıb.
Bütün bunlara baxmayaraq, yengicəlilər öz yurdlarını çox sevib, ona bağlı olublar. İnsanlar gözəl təbiətdən zövq alıb, adət-ənənlərinə sadiq qalıb, qurub-yaratmağa meyil göstəriblər. B.Abbasov deyib: “Hiyləgər ermənilər bilirdilər ki, azərbaycanlılar evlərinin abad, səliqəli olmasına çox diqqət yetirirlər. Biz tikinti materialları alıb, evlərimizi abadlaşdırırdıq. Bizə “Siz qonaqsınız, gəlin alın” deyirdilər. Heç “qonaq” sözünün fərqinə belə varmırdıq. Sən demə, burada da məkr var imiş. Bunu sonra anladıq”.
Ermənilər 1988-ci ilin mart ayından azərbaycanlıları öz yurdlarından qovub-çıxarmaq üçün daha da fəallaşıblar. Bu vəziyyət dekabradək davam edib. “Çörək verib, əl tutduğumuz erməni qonşuların üzü dönmüşdü. Onlar daşnakları silahlandırmaq üçün pul yığırdılar. Gecə-gündüz evlərə keşik çəkirdik, sutkada 1-2 saat yatırdıq. Bir gün maskalı ermənilər kəndə gəldilər. Onlar evləri daşlayır, yandırır, meyvə ağaclarını kəsirdilər. O vaxt ikisi qadın olmaqla, evlərindən çıxmayan 5 nəfəri möhkəm döymüşdülər”, - deyə B.Abbasov bildirib.
Bilal baba ermənilərin azərbaycanlılara etdiyi zülm və haqsızlığın yerdə qalmayacağına, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunacağına çox inandığını bildirib. “İşğal altında olan torpaqlarımız azad edildi. Buna Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəkası, uğurlu siyasəti sayəsində nail olduq. Mən dövlətimizin başçısının Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması ilə bağlı siyasətinin nəticə verəcəyinə əminəm. İnanıram ki, bir gün bu da reallaşacaq, ədalət bərpa olunacaq”, - deyə o qeyd edib. (AZƏRTAC)