Qonaqlar Zəngilan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra Qubadlının Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olunaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçiriblər. Bildirilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri aparılır. Yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Tikinti işləri mərhələli şəkildə aparılır, ilkin mərhələ üzrə ərazidə 190 fərdi yaşayış evi inşa olunur və işlərin 70 faizi icra edilib. Evlərdə alternativ enerji mənbələrindən istifadə məqsədilə damlarda Günəş panelləri quraşdırılıb. Kənddə 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının tikintisi davam edir, bu obyektlərdə tikinti ilkin mərhələ üzrə yekunlaşmaq üzrədir.
Bildirilib ki, 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.
Qeyd edək ki, səfərdə olan qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib. (AZƏRTAC)