Yolumuz Laçınadır, dağların qoynunda gözəlliyi ilə diqqət çəkən Laçın sözün əsl mənasında laçın çağlarına qayıdıb. Qısa müddətdə bərpa olunan evlər və yeni tikililər, abadlaşan yollar Laçının simasını çox dəyişib. Səfərimiz zamanı Laçında yaşayan Əliyevlər ailəsinin qonağı olduq. Uzun illər Vətəndən ayrı düşən ailə indi doğma yurda qovuşmağın sevincini yaşayır. Ailəlikcə öz evlərinin eyvanında əyləşib Laçının büllur sularından hazırlanan samovar çayı ilə Laçının gözəlliyini seyr edirlər. Qonağı olduğumuz ailənin başçısı Əliyev Azər Elmar oğlu 1978-ci ildə Laçın şəhərində anadan olub. Azər hələ 14 yaşı olanda ata və anası 2 bacı və bir qardaşı ilə doğma yurdundan didərgin düşüb. Bu ağrılı- acılı 31 il artıq Azər üçün də tarixə qovuşub, çünki o illər əvvəl uşaqkən tərk etdiyi Laçına öz ailəsi və övladları ilə qayıdıb. Azər deyir ki, Laçın sakinlərini təsvir etdiklərindən də gözəl qarşılayıb.
“Mənin 14 yaşım olanda, atam, anam və qardaş bacılarımla məcburi köçkün düşəndə bizlər üçün çox çətin oldu. Ən ağrılı isə doğma elimizdən ayrı düşmək idi. Lakin ömrümüzün 31 il niskil içərisində keçən anlarını Laçına qayıtdıqdan sonra unutduq. 2023-cü il mayın 28-də ailəm və üç övladımla Laçına geri döndük. 46 yaşımda qayıtsam da özümü 14 yaşlı Azər olaraq hiss etdim. Mənim uşaqlıq illərində yarımçıq qalan xatirələrimi indi burada övladlarım hiss edir. Laçına geri döndükdən sonra burada işləməyə başladım, həmçinin həyat yoldaşım da tekstil fabrikində çalışır, övladlarım məktəblidir, dərs günlərində xidməti avtobusla məktəbə gedirlər və tam müasir şəkildə təhsil almaqları üçün lazımi şərait yaradılıb. Həmçinin şəhərdə əhalinin asudə vaxtları üçün yerlər, istirahət parkı da var. Bura gələrkən təsvir etdiyimizdən də gözəl Laçınla qarşılaşdıq. Təkcə bizim ailə üçün deyil, həm də Laçına qayıdan digər ailələr üçün də lazımi şərait yaradılıb. Biz Laçına qayıtdığımız gündən 4 otaqlı və tam müasir standartlara uyğun bərpa edilən evimizdə məskunlaşdıq. Asudə vaxtlarımda həyətimdə olan arıçılıqla məşğul oluram. Hazırda 3 arı ailəm var və bu mövsüm bal azuqəmizi də toplaya bildik. Biz inanırıq ki, hələ firavan günlərimiz qarşıdadır”, - deyə Azər Əliyev vurğulayıb.
Cəmalə Əliyeva isə 6 yaşında tərk etməli olduğu Laçını ötən 31 ildə yuxu kimi xatırladığını deyir: "Mən ailəmlə birlikdə məcburi köçkün düşəndə azyaşlı idim. Ötən bu illərdə Laçını yuxu kimi xatırlayırdım. Köçkün düşdüyümüz vaxt çətin anlarımız çox olub, amma indi həsrət də bitib, həmin çətin günlər də. 3 övladım və həyat yoldaşımla birlikdə Laçına qayıtmışıq. Özüm də burada çalışıram. İşdən qayıtdıqdan sonra həyətdə gül-çiçəklərə qulluq etmək isə insana zövq verir. Laçın şəhərində həyat öz axarına qayıdıb, hər səhər işə gedəndə şəhərdə olan canlamanı görürəm. Hər kəs öz işinin ardıyca tələsir. İş saatı bitdikdən sonra isə sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Bizlər bu yerlərə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun gücü sayəsində qayıtmışıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bayraq günü Laçında əsgərlərin yürüşünü izlədik. Bu, bizlər üçün qürurverici an olaraq yaddaşlarımıza həkk olundu və həmin an bir daha hiss etdim ki, Laçınımızın firavan günləri yenidən başlayıb".
Qeyd edək ki, Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib. Ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Həmçinin əhalinin işlə təmin edilməsi də xüsusi diqqətdə saxlanılır. (AZƏRTAC)