Zəngilan rayonunun ən dağlıq kəndlərindən biri olan Qazançı kəndi Qərbi Azərbaycanın Qafan şəhəri ilə həmsərhəddir. Oykonim kazan etnonimi və çı şəkilçisindən ibarətdir. Söz türkdilli qədim bulqarların kazan tayfasının adından götürülüb. Mənbələrdə qeyd olunur ki, eramızdan əvvəl 2-ci əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gələn kazan tayfası əvvəlcə hunların, ardınca suvar və avarların, sonra isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. Tədqiqatçıların yazdığına görə inqilabdan əvvəl bütün Qafqazda qazan sözünün iştirakı ilə 24 toponim və hidronim var idi. Azərbaycanda isə Qazançı adlı 10 kənd mövcud olmuşdur. Hazırda Azərbaycanda 3 Qazan, 4 Qazançı oykonimi, 4 Qazan oronimi, 3 Qazan hidronimi var. Qazan etnonimi ilə bağlı Şimali Amerika, Türkmənistan, Ukrayna, Rusiya, Özbəkistan, Qazaxıstan, Qərbi Azərbaycan, Cənubi Azərbaycan, Türkiyə, Bolqarıstan və başqa ölkələrdə də kəndlər vardır. Mənbələrdə o da qeyd olunur ki, 12-14 cü əsrlərdə qıpçaqların tərkibində qazan tayfası da olmuşdur. Zəngilan rayonunun Qazançı kəndi 1993-cü ildə erməni quldurları tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur.
İsa MUSAYEV