17.06.2025, 20:49
AZ EN
01.02.2023, 10:07 382

Zəngilan rayonu, Bürünlü kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qədim Zəngəzur mahalının bir parçası olan Zəngilan rayonu öz təbii sərvətləri və gözəlliyi ilə məşhurdur. Ərazi aranlıq-dağlıqdır. Buradan 4 çay keçir Araz, Həkəri, Oxçu və Bəsit çayları. Bu çayların sahillərində xeyli kəndlər salınmışdır. Belə kəndlərdən biri də Bürünlü kəndidir. Kəndlə bağlı bəzi məqamlara işıq tutmaq üçün kəndin ağsaqqallarından biri, uzun illər tarix müəllimi işləmiş Tofiq Şükürovla görüşdük. Tofiq müəllim Bürünlü kəndi haqqında xeyli məlumatlar verdi.

Öz təbiətinə görə rayonun ən gözəl kəndlərindən olan Bürünlü kəndi hər tərəfdən sıx meşəli dağlarla əhatə olunmuşdur. Kəndin qarşısındakı sıx meşəli dağ Güllü yal, arxa tərəfdəki dağ Topallı yal adlanırdı. Yan tərəfdə möhtəşəm Süsən dağı Seyidlər kəndinin başına qədər uzanırdı. Dağın ətəyi ilə Oxçu çayı axır. Aşağıdan kiçik çay Canbar dərəsi boyu axaraq Oxçu çayına tökülür. Dərənin hər tərəfi cəviz (qoz) ağacları və tut bağları idi. Kəndin yanındakı dərəyə buz kimi soyuq bulaq suyu da axıb tökülürdü. Yuxarı hissədə Canbar kəndinin yaxınlığında qayalıqdan axan su dərədə 7 kaskad göl əmələ gətirirdi. Quruluşuna görə həmin göllərə Qazan göllər deyilirdi. Buradakı meşəlikdə qoz, fındıq, cır alma, armud, yabanı üzüm (qora), əzgil, zoğal və s. meyvələr bitirdi. Kolxozun mərkəzi Bürünlü kəndi olduğundan Canbar, Şərikan, Pirveyis, Günqışlaq, Xırda qışlaq, 30-cu km və Seyidlər kəndləri bu kolxozda birləşdirdi. Əsas təsərrüfat sahəsi əkinçilik və maldarlıq idi. Mincivan - Qafan dəmiryol xətti kəndin yaxınlığından keçirdi. Bürünlü kəndi öz ziyalıları ilə də məşhurdur. Uzun müddət müəllim və direktor işləmiş Həsən Şükürov Zəngilan rayon Komsomol komitəsinin Birinci katibi, rayon partiya komitəsinin İkinci katibi Hüru Mehrəliyeva. Yeri gəlmişkən qeyd edək ki, onu Ulu Öndər Heydər Əliyev Moskvaya, İctimai Elmlər Akademiyasına göndərmişdir. Sonralar Hüru xanım uzun illər Ağsu və Zəngilan rayon sovetləri İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir,  Azərbaycan Neft Şirkətinin dəmir-beton zavodunun direktoru Abbasqulu Məmmədov, Bakı Soyuducular zavodunun direktoru Soltan Məmmədov, Ağsu rayon partiya komitəsində ideoloji şöbənin müdiri, sonralar Zəngilan rayon qəzetində (Kənd həyatı) şöbə müdiri Şükür Şükürov, Zəngilan rayon Maliyyə şöbəsinin müdiri Əlis Əliyev, polis polkovniki Sabir Quliyev və başqaları da bu kəndin yetirmələridir.

Sonda Tofiq müəllim torpaqlarımızın azad edilməsi, eləcə də apardığı uğurlu daxili və xarici siyasətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlığını bildirdi.

İsa Musayev

Oxşar xəbərlər