Bunu açıqlamasında Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, ermənilər bununla kifayətlənməyərək girov götürdükləri insanlara qarşı olduqca ağır işgəncələr verdilər. Hərşey planlı şəkildə baş verirdi. Evlər talan edilərək yandırıldı. Bütün bunlar qısa zaman kəsiyində baş tutdu. Sakinlərin yalnız bir hissəsi şaxtalı, soyuq havada canlarını götürüb üzü meşələrə, dağlara qaçdı.
A.Məmmədov Ağdaban faciəsinin Xocalı soyqırımından sonra törədilmiş ikinci böyük faciə olduğunu qeyd edib: “Bu faciə həqiqətən, insanlığa, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bütün ağır işgəncələrə baxmayaraq Kəlbəcər rayonu Ağdaban kəndi yenidən öz yaşayışını bərpa etdi. Bir ildən sonra, yəni 1993-cü ilin mart ayının sonunda yenidən işğala məruz qaldı, yenə də itkilər verildi. Ağdaban faciəsi zamanı milli-mənəvi dəyərlərimiz də məhv edildi. Dədə Şəmşirin atası, ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin özünün irsi yandırıldı. Bu ağır faciələri yada salmaq, xatırlamaq olduqca çətindir. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər sayəsində bütün ağrı-acılarımızın əvəzi çıxıldı, şəhidlərimizin qisası alındı.
Artıq bu gün kəlbəcərlilər Böyük Qayıdış proqramı əsasında öz ata-baba yurdlarına qayıdırlar, mərhələli şəkildə öz yaşayışlarını bərpa edirlər. Yaxın gələcəkdə Ağdaban camaatı da doğma kəndinə qayıdacaq, öz yaşayışlarını bərpa edəcək, əzizlərinin qəbrini bərpa edib onları yenidən ziyarət edəcəklər. Həyat yenidən öz axarında düşəcək Ağdabanda”. (AZƏRTAC)