09.04.2026, 02:14
AZ EN
08.04.2026, 18:15 113

Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR
  • Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzərək öz ehtiramlarını nümayiş etdiriblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov qazaxıstanlı həmkarı Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Sonra nümayəndə heyəti Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsini, həmçinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsini ziyarət edərək burada yaradılmış şərait və xidməti fəaliyyətlərlə maraqlanıblar.

Qazaxıstanlı qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Şəxsi Heyət Baş İdarəsində olaraq "Şəxsi Heyət Elektron Məlumat Sistemi" ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyətinə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzi və N hərbi hissəsində Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və informasiya texnologiyalarının vasitələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində yerinə yetirilən fəaliyyətlər, müasir rabitə texnologiyalarının tətbiqi və kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında məlumat verilməsi nəzərdə tutulub.

Nazirliyin müvafiq qurumları ilə tanışlıq zamanı nümayəndə heyəti üçün bölmələrin strukturu və fəaliyyət istiqamətləri barədə brifinqlər təqdim olunub, qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordu quruculuğu sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. (Report)

Oxşar xəbərlər