"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib. O, ölkəsinin gömrük məntəqələrində gələcək innovasiyaların təfərrüatlarını açıqlayarkən deyib ki, Ermənistanın sərhəd keçid məntəqələrində yüklərin yoxlanması üçün elektron idarəetmə sistemindən istifadə olunacaq: "Nəqliyyat vasitəsi haqqında bütün zəruri məlumatlar hətta nəzarət məntəqəsinə çatmazdan əvvəl də əldə edilə biləcək. Sərhəddə növbələri azaltmaq üçün elektron sistem tətbiq olunacaq. Həmçinin yük maşınının çəkisini saxlamadan müəyyən etmək üçün sistemin tətbiqi planlaşdırılır. Ermənistan süni intellektli müasir rentgen sistemlərindən istifadə etməyi planlaşdırır. Riskləri avtomatik olaraq müəyyən edəcək və təmassız yoxlamalara imkan verəcək alətlər olacaq".
Eduard Akopyan bildirib ki, bütün bunlar qonşu ölkələrdən Ermənistana daxil olan və ya əks istiqamətlərə yola salınan yük axını üçün beynəlxalq səviyyəli xidmətlərin göstərilməsinə imkan verəcək. Onun sözlərinə görə, vahid elektron platforma vasitəsilə idarə olunan həmin xidmətlər həm də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhliznə də aid ediləcək:
"Bütün ölkə ərazisində maşınların rəqəmsal müşayiətini təmin edən ağıllı cihazlar dəmir yolu, avtomobil yolu, neft kəməri, qaz kəmərini də yoxlayacaq. İşlər ABŞ şirkəti tərəfindən Ermənistan qanunvericiliyinə uyğun olaraq, heç bir hərbi komponent olmadan aparılacaq. Razılığa əsasən, ABŞ layihənin həyata keçirilməsi üçün 99 ilə qədər müddətə eksklüziv hüquqlar əldə edir. İnfrastrukturun inkişafı və təhlükəsiz istismarı ilə məşğul olacaq beynəlxalq konsorsiuma ayrı-ayrı hissələrin subicarəyə verilməsi imkanı yaradılacaq.
Ermənistan rəsmisinin açıqladığı bu məlumatlar ABŞ şirkəti tərəfindən idarə olunacaq "Tramp Marşrutu"na dair razılaşmalar, o cümlədən Zəngəzur dəhlizinin icarə müddəti ilə eynilik təşkil etməsi diqqətdən yayınmır. Bu, həm də o deməkdir ki, sərhəd keçidlərini idarə edə biləcək vahid elektron platforma Ermənistandan daha çox, ABŞ-ın layihəsidir.
Elxan SALAHOV