Kəlbəcər rayonunun Çorman kəndi Əsrik kənd inzibati ərazi dairəsinə daxildir. Qonqur dağının ətəyində salınmış bu kəndi yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Xanlar (Göygöl) rayonunun Balçılı kəndindən gəlmiş ailələr salmışlar. Onlar Corman meşəsi adlanan ərazidə məskunlaşdığı üçün kəndin adı meşənin adı ilə adlandırılmışdır. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu da ehtimal olunur. Bəzi tədqiqatçılar isə qeyd edirlər ki, Corman emotoponimdir, cor tayfasının adını əks etdirir. Səfalı təbiəti olan kəndin Hacımahmudlu yaylağı, Tükanlı yurd, Qoçtəpəli yurdu, Ağqayanın bulağı, Soyuq bulaq, Sarı bulaq, Baydaça bulaq, Korbulaq, Çiçəkli yurdu, Dəyirmi yurd, Yüzbaşı yurdu, Mağal təpəsi, Şırranın dərəsi, Uçuğunaltı binə, Binə yurdunun binəsi və s. kimi məşhur yerləri var. Kənd 2020-ci ilin 25 noyabrında işğaldan azad edilmişdir.
İsa MUSAYEV