03.03.2026, 16:38
AZ EN
03.03.2026, 15:10 71

“Laçın” qəzetinin ilk qadın redaktoru

ŞƏRQİ ZƏNGƏZUR
  • “Laçın” qəzeti Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutur. Ana nənəm  Dilarə İbiş qızı Məmmədova (Məhişova) 1931-ci ildən nəşr edilən və bir neçə adda işıq üzü görən bu qəzetin ilk qadın redaktoru olmuşdur.

O, 8 mart 1926-cı ildə Laçında dünyaya gəlmişdi. Atası İbiş Namaz oğlu Məhişov (1889-1984) Qafan rayonunun Armudlu kəndindən, anası Həmayıl Kərbəlayi Həşim qızı Məhişova (...-1987) Qubadlı rayonunun Əyin kəndindən idilər.

Ata babası Namaz Məhiş oğlu Armudlu kəndinin varlı kəndlilərindən sayılmış, ermənilərin 1918-ci ildə Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər zamanı ailəsi ilə birlikdə  qətlə yetirilmişdir.

Ana babası Kərbəlayi Həşim Rəcəb oğlu (...-1915) Xorasanda ali dini təhsil aldıqdan sonra vətəninə qayıtmış, Zəngəzur qəzasında camaat arasında hafiz kimi hörmət qazanmışdır.

Dilarə Məmmədovanın (Məhişova) atası İbiş dədə Qafqaz İslam Ordusunun döyüşçüsü olmuşdur. 1924-cü ildə ailəsi ilə Laçına köçmüş, türmədə nəzarətçi, kolxoz sədri, kənd sovetinin sədri işləmişdir.

Dilarə Məmmədova (Məhişova) birinci sinfə 5 yaşında getmiş, 1941-ci ildə Laçın şəhər orta məktəbini bitirmişdir. O, rus dilini bildiyi üçün Laçın Rayon Partiya Komitəsində makinaçı (1941-1943) işləmiş, sonra isə rayon partiya komitəsinin orqanı olan “Laçın” qəzetinin redaktoru (1943-1946) vəzifəsində çalışmışdır. Həftədə bir dəfə işıq üzü görən ikisəhifəlik qəzetə redaktor təyin olunan 17 yaşlı gənc qız həmin vaxt davam edən İkinci Dünya müharibəsi cəbhələrindən gələn xəbərləri özü yazırdı. Onun kənd təsərrüfatına, məktəb həyatına aid silsilə yazıları, tərcümələri də adı çəkilən qəzetdə dərc olunmuşdur. Həmin dövrdə çapdan çıxmış “Laçın” qəzetinin nüsxələri Azərbaycan Milli Kitabxanasında saxlanılır.

Dilarə  Məmmədova qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədovla (1917-1990) ailə həyatı qurduqdan sonra Ağdam rayonunun Seyidli kəndinə köçmüş, bir müddət Ağdam şəhər 1 nömrəli uşaq bağçasının müdiri işləmişdir. Ağdam şəhərinin müvəqqəti işğal edilməsindən sonra, 23 iyul 1993-cü ildə məcburi köçkün kimi Bakıda yaşamış, 26 sentyabr 2013-cü ildə Ağdam, Laçın həsrətilə dünyasını dəyişmişdir. Ağdam rayonunun I Baharlı kənd qəbirstanlığında dəfn olunmuşdur.

Dilarə Məmmədovanın (Məhişova) anadan olmasının 100 illik yubileyi   mart ayının 8-nə təsadüf edir. Eyni zamanda, redaktoru olduğu “Laçın” qəzetinin nəşrə başlamasının bu il 95-ci ildönümüdür. “Laçın” qəzetinin tarixi, inkişaf yolu tədqiq və təbliğ olunduqca onun əziz xatirəsi ehtiramla yad ediləcəkdir.

Orxan ZAKİROĞLU (BAHARLI)

Oxşar xəbərlər