Kənd qərbdən, daha doğrusu, kəmərələr daşı deyilən yerdən Ermənistanın Zeyvə kəndi üç kilometr iki yüz metr, şimaldan (Sarı yoxuşla) Çardaxlı kəndi ilə üç kilometr iki yüz metr, Şimali şərqdən (Qərədə dərəsi ilə) Xudular kəndi ilə iki kilometr üç yüz metr, Şərqdən Qubadlı rayon mərkəzi ilə bir kilometr, cənub şərqdən Dəmirçilər kəndi ilə (Qara quzeylə) bir kilometr yarım, cənubi şərqdən Aşağı Xocamsahlı kəndi ilə (Ağbellər düzü) iki kilometr dörd yüz metr, cənubdan Yuxarı Xocamsahlı kəndi ilə (Su daşları deyilən yerlə) iki kilometr altı yüz metr sərhədə malikdir. Dağlıq ərazidə yerləşən kəndin iqlimi mülayimdir. Normadan artıq yağıntı əsasən yaz və payız aylarında müşahidə edilir.
Tarovluda nəmişlik müşahidə olunmur. Payız girərkən aran zonası ilə müqayisədə burada havalar daha da tez soyuyur. Yaz, payız və qış aylarında Kərt dağı, Kəspər yeri və Şüş dağa çiskinli duman (ona korduman da deyirlər) çökür. Kiçik Qafqaz dağlarından soyuq hava kütləsi kənd ərazisinə daxil olur. Soyuq hava kütləsi qarın uzun müddət yerdə qalmasına səbəb olur. Kəndin Kəpriyal, Taxtayeri, Tirişin quzeyi ilin üç-dörd ayı don vəziyyətdə qalır. Yaz aylarında intensiv şəkildə yağan yağışlar əsasən "Qızılqaya"-dan, "Ayıölən dərəsi-"ndən, "Gödəkdərə"-dən, "Şüş"-dağdan axan sular bəzən o qədər güclü olardı ki, qəfil gələn sel həyətyani sahələrin çəpərlərini, hətta əhalinin mal qarasını da aparardı. Yaşlıların dediyinə görə Tarovlu kəndinin yaranması Taro adında kişi və onun qardaşları Alo və Yalonun adı ilə bağlıdır. 1578-1590-cı illərdə baş vermiş Səfəvi-Osmanlı müharibələri zamanı, Azərbaycanın əksər əraziləri kimi, bütün Arazboyu bölgələr, o cümlədən Zəngəzur müvəqqəti olaraq Osmanlı imperiyasının əlinə keçdi. Osmanlı sultanı IІI-Muradın (1574-1595) 1579-cu il 13 aprel tarixli fərmanı ilə Diyarbəkir və Yuxarı Dəclə çayı boyundan bəzi müsəlman-kürd ailələri İbrahim ağanın rəhbərliyi altında köçürərək Zəngəzurda yerləşdirdi. Zaman keçdikcə köçürülən kürd nəsilləri dil və məişət yaxınlığı səbəbindən yerli
müsəlman türk əhali ilə qaynayıb–qarışaraq Azərbaycan xalqının tərkibinə daxil oldu. Tarovlu və onun ətrafında yerləşən yaşayış məntəqələri, eyni zamanda irsi qohumluq əlaqələrinə malik olan kəndlər, böyük ehtimalla demək olar ki, kürd əsilli Azərbaycan vətəndaşlarıdır.
Kəndin yaranma tarixi təxminən XVIII əsrin ortalarına təsadüf edir. Taro kişi və onun qardaşları indiki Teymur Müskanlı kəndi ətrafında yerləşən Daştəpə kəndinin məxsus olduğu bəyi ilə mübahisə nəticəsində bu kəndi tərk edərək indiki Tarovlu kəndinin əsasını qoymuşdular. Daştəpə kəndi bəyə məxsus olan torpaqlarda yerləşdiyindən, vergilər bəyin naibləri tərəfindən toplanırdı. Artırılan vergilər əhalini var-yoxdan çıxarır, onların narazılıqlarını artırırdı. Öz naibləri ilə Daştəpəyə gələn bəy vergiləri azaltmayacağını, narazıların cəzalandırılacağını bildirir. Kənd camaatı Taro və onun qardaşlarının rəhbərliyi altında bəyi və onun naiblərini döyürlər. Nəticədə onlar Daştəpə kəndini tərk edərək yeni yaşayış məskəninin əsasını qoyurlar. Dağlıq landşafa malik olaraq hər tərəfdən meşə ilə əhatə olunmuş bu ərazinin seçilməsi xarici düşmən hücumlarından müdafiə məqsədi daşıyırdı. Hazırki Tarovlu kəndi ilə rayonun Teymur Müskanlı, Əliquluuşağı və Xıdırlı kəndləri arasında qohumluq əlaqələri mövcuddur. Teymur Müskanlı kəndindən olan Atayevlər nəsli ilə Tarovlular arasına olan qədim qohumluluq əlaqələri bugünədək davam edir... Kənd indiki Qubadlı rayonu ərazisində yerləşən Kərt dağı, Şüş dağı və Alaquş dağı birləşməsinin ətəyində yerləşir. Qeyd etdiyimiz kimi, əvvəllər kəndin adı Taro kişinin adı ilə bağlı "Taroğlu" olmuşdur, sovetlər dönəmində Azərbaycanda bütün soyadlara "ov" şəkilçisi əlavə edilməsi ilə əlaqədar olaraq Taroğlu kəndinin adını da "ov"-laşdırarq "Tarovlu" kimi formalaşdırmışlar. Taro kişi və onun qardaşları bir dam altında kəndin əsasını qoyaraq bu məkanda yaşamaq qərarına gəlirlər. Zaman keçdikcə kəndin əsasını qoyan nəsil ilə qohumluq əlaqələrinə malik olan digər yerlərdə yaşayan nəsil nümayəndələri Tarovluya gələrək burada məskunlaşmışlar. Məsələn, Yuxarı Müskanlıdan Məşədihəsən Tarovluya pənah gətirir və onun oğlu İbrahim Qədimalı kişinin qızı Əzətlə ailə qurur. Sonralar Naxçıvanın Xoy adlanan yaşayış məskənindən Zamanlar nəslinin nümayəndəsi, Qubadlı rayonun Qəzyan kəndindən Əhmədilər nəslinə mənsub olan Məmmədkərim kişi Tarovluya gəlmişdilər. İndiki Ağa çayından və Şıxın bulağından ayrılan arx Xanəyə, Məşədi Abbas çalasından, Nəbiöldürən daşdan, Yal yuxarı, Bilgar, Şüş dağ ətəyindən, Əhmədalı yalından keçərək Ərik ağacı, Göydöş, Ağbellər, Haça və Korjalanlı kəndlərinə axırdı. Bu arx əkinçiliyin və heyvandarlığın inkişafında mühüm rol oynayırdı. Kəndin hər tərəfi sıx meşə ilə əhatə olunmuşdur. Meşədə palıd, vələs, vən, ağcaqayın ağacları ilə bərabər meyvə ağacları zoğal, əzgil, armud, alma, qaragilənin hər iki növü (qara və qırmızı), şillan, meşə və biçənək, böyürtkan kolları ilə zəngindir. Kənd ərazisi cəviz, ağ tut, gilas və başqa meyvə ağacları ilə zəngin idi. Kəndin bir neçə sahəsində nadir ağaclardan olan saqqızağacı dağdağan, zinc ağacı (bu ağacın budaqlarını, kötüklərini əzib gecə vaxtı çıraq əvəzi işlədərdilər), tubulğan kolu (bu kolun çubuğunun qəribəliyi onda idi ki, həmin çubuqla heyvanın və insanın çılpaq bədəninə vurduqda ifrazatla bərabər qan da gəlirdi), qara dovşan alma kolları (bu kollardan təmizlik məqsədilə çalğu bağlanırdı) və ağyarpaqlı daşarmudu ağacları bitir. Bunlar da uzun ömürlü ağaclar sırasına daxildirlər.
Tarovluların əsas məşğuliyyəti əkinçilik, qoyunçuluq və maldarlıq idi. İndiki Ermənistanın ərazisində Zəngəzur dağları ətəyində olan Qanbeldə, Ağadərəsində sonralar isə Soflu yaşayış məntəqəsi yaxınlığında Tarovlu yurdları olmuşdur. Zaman-zaman kənd formalaşdıqca adsız ərazilərə müxtəlif rəvayətlər ilə əlaqədar olaraq ata-babalarımız aşağıdakı yer adlarını vermişdilər: Sudaşları, Kəmərələr, Xoruzpiri, Qarameşə, Xeyrat cəvizi, Çayzəmi, Vəlidüzü, Şillanlı, Yolarası, Darıyeri, İbişin yeri, Alırzayeri, Eyvazyeri, Quyubulağ, Kərtdağı, Qaraqaya, Göydöş, Ağbellər, Qaradərə, Gödəkdərə, Çaladaşlar, Kəpriyal, Yalyuxarı, Pişikdərəsi, Məsdər, Kəspəryer, Qızılqaya, Ayıölən, Bilgar, Alaquşdağı, Taxtayeri, Cindaşları, Vən, Əhmədalı yalı, Tanrıverdi dərəsi və.s Kəndin maddi mədəniyyət abidələri Qədim Qəbiristanlıq Tarovlu kəndinin ilk qəbiristanlığı Saqqızlı qaya adlanan təpənin ətəyində, Aşağı Xocamsaxlıya gedən yolun kənarında yerləşirdi. Qəbiristanlığın yaranma tarixi XVIII əsrin ortalarına təsadüf edilir. Qədim qəbirüstü yazılardan bu məlum olur. Yazılar, müsəlman adətinə uyğun olaraq ərəb dilində həkk edilmişdir. Qəbiristanlıq keçmişimizi təsdiq etməklə yanaşı ulu tariximizdən xəbər verir. Qəbiristanlıq zaman-zaman yaddaşlardan silinir, öz görkəmini itirir və həmin ərazidə əkin aparılmasa da qaratikan kolluğuna çevrilmişdir. Kəndin ikinci qəbiristanlığı “Saqqızlı” qayanın qərbində yerləşir. Ağyal, Mirkərimağa məzarı, Kərbəlayı Məhəmməd ocağı tarovluların dini inanc yeri olmuşdur. Yaşlı nəslin dediyinə görə köç vaxtı qonşu rayonlardan birinin adamları yaylaqdan gələrkən seyidlərdən biri rəhmətə getmiş və Ağ yal (keçmiş Dəvə karvanı yolu kənarında), deyilən yerdə dəfn olmuşdur. Sonralar onun məzarı tarovluların inanc yerinə çevrilmişdir. Qəbiristanlıqda özünə yer alan Mirkərim ağa məzarı da, (Mirkərim ağanın dəfn olunduğu yerdir), inanc yerlərindən idi. Tarovlular inanc yerlərinə gedərək qurbanlar kəsir, nəzir qoyur, niyyətlər edirdilər. Kərbəlayı Məhəmməd ocağı kəndin mərkəzində yerləşirdi. İnanc yerinin yanında su quyusu vardı. Kənddə olan quyularda su quruduğu halda bu quyunun suyu qurumurdu. Dini inanc yerləri hər bir tarovlu üçün son dərəcə müqəddəs sayılırdı. Mirkəri ağanın məzarı ikinci qəbiristanlığında yerləşir. Rəvayətə görə Kərbəlayı Məhəmməd ocağına ilan vurmuş canlı gələrdisə şəfa tapardı. Kərbəlayı Məhəmmədin vəsiyyətinə əsasən onu qonşu Xələc kəndindəki məzarlığın Seyidlər uyuduğu ərazidə dəfn etmişlər. Tarovlu kəndindən Hacı Məhəmməd Bayram oğlu və onun xanımı Azadə müəllimə, Hacı İbrahim Məhəmməd oğlu, Hacı Xəlil Bayram oğlu, Hacı Rahib Talıb oğlu, Hacı Məzahir Talıb oğlu, Hacı Fuad Edil oğlu, Hacı Rövşən Mürsəl oğlu həcc ziyarətinə gədərək müqəddəs Hacı adını qazanıblar.
Elşad Eyvazovun "Üç Dağ Qoynunda Yatan Tarovlum" kitabından.
Hazırladı: Tahirə AĞAMİRZƏ