02.04.2026, 14:13
AZ EN
02.04.2026, 12:29 118

Azad edilmiş ərazilərdə "İşğal və Zəfər" muzeyləri qurulur

XƏBƏRLƏR
  • Erməni işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış mədəniyyət abidələri mərhələli şəkildə bərpa edilir və ya yenidən qurulur. Şuşadakı Bülbülün ev-muzeyi də tamamilə bərpa edilərək yenidən istifadəyə verilmiş ilk muzeylərdən biridir. Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın ev-muzeyi fəaliyyətini bərpa edib. Ağdam Çörək Muzeyi işğal zamanı dağıdılan və dünyada nadir nümunələrdən olan bu muzeyin də yenidən qurulması planlaşdırılır. 

İşğaldan azad edilmiş ərazilərdə muzeylərin fəaliyyəti iki istiqamətdə həyata keçirilir: tarixi muzeylərin bərpası və yeni "İşğal və Zəfər" muzey komplekslərinin inşası. Həmin ərazilərdə tarixi yaddaşı qorumaq üçün həmçinin açıq səma altında muzeylərin təşkil olunması da nəzərdə tutulub.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş hər bir şəhərdə xüsusi yeni "İşğal və Zəfər" Muzey Kompleksləri yaradılır. Hazırda Ağdam şəhərində və Füzulidə bu cür komplekslərin inşası davam edir. Hər iki kompleks müasir memarlıq üslubunda hazırlanan layihələr əsasında inşa olunur.
Bundan başqa, Kəlbəcər şəhərində də bərpa planına uyğun olaraq “İşğal və Zəfər Muzeyi”nin  inşasına başlanılıb. Cəbrayılda tikilən analoji kompleksə isə həm də xatirə parkı və abidələr daxildir. Bu cür mədəni obyektlərdən biri də Laçın şəhərində qurulur.

Ermənistanın Qarabağda törətdiyi vandalizm aktlarını özündə əks etdirən dəlil və sübutların, eləcə də Vətən müharibəsi zamanı işğalçı ordudan qalmış hərbi qənimətlərin qorunması məqsədilə bəzi ərazilərdə açıq səma altında muzeylərin yaradılması nəzərdə tutulur. Bunların arasında Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində törədilmiş kütləvi qətliamnın baş verdiyi kahalar da var.
RÖYA SALMANQIZI

Oxşar xəbərlər