"Vətən səsi" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov bildirib. O, qeyd edib ki, vəfat etdiyi günədək Xankəndidə tənha yaşamış 70 yaşlı qadının meyiti hələ də soyuducuda saxlanılır: "Xankəndidə ölən erməni qadının meyiti etibarlı, eyni zamanda, bu məqsədlə tələb olunan bütün zəruri şəraitlərə malik yerdə saxlanılır. Ermənistan meyiti təhvil almasa, onun aqibəti aidiyyəti dövlət qurumları tərəfindən müəyyənləşdiriləcək. Ümumiyyətlə, meyitlər meyitxanalarda olan xüsusi soyuducularda saxlanılır”.
Xatırladaq ki, 1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir.
Elxan SALAHOV