Nəhayət ki, sizi əziz, azad, doğma Şuşamızda qarşılayır və evimizə dəvət edirik. Buyurun, xoş gəlmisiniz!”
Bunu 5 yaşında tərk etməyə məcbur olduğu Şuşaya 32 ildən sonra direktor kimi qayıdan Səbinə Gözəlova deyir:
-Mən Səbinə Gözəlova Mikayıl qızı 1987-ci ildə Qarabağın zümrüd tacı olan doğma Şuşa şəhərində doğulmuşam. Atam Mikayıl Gözəlov Şuşa və Xankəndidə Tikinti İdarəsinin İnşaat mühəndisi olaraq çalışmışdır. Daha sonra atam Şuşa rayon icra başçısı təyin olunub. Atam ermənilərin sui-qəsdi nəticəsində öz vəzifəsini icra edərkən qətlə yetirilmişdir. Atam qətlə yetirildiyi vaxt mənim 5 yaşım olub və həmin gündən biz Bakı şəhəri Binəqədi rayonuna köçmüşük. Binəqədi rayon 115 saylı tam orta məktəbdə təhsilimə başlamışam. Məktəbi bitirdikdən sonra Azərbaycan Odlar Yurdu Universitetinin tərcümə-ingilis dili fakültəsini, daha sonra Azərbaycan Dillər Universitetinin ingilis dili pedoqoji fakülətisini bitirmişəm. Sonra Müəlimlərin işə qəbulu müsabiqəsində iştirak edib Qəbələ rayonunda yerləşən Şuşa rayon 24 saylı ümumorta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. Həmin müddətdə direktorluq vəzifəsi vakant olduğu üçün mən də qərara gəldim ki, Direktorların işə qəbulu müsabiqəsində iştitak edim və doğma Şuşamızın adını daşıyan məktəbdə fəaliyyətə başlayım”.
Səbinə Babayeva daha sonra əlavə edib ki, Şuşa işğaldan azad olunan gün, əlbəttə ki, biz televiziyadan izlədik xəbəri: “Xəbər verilən anda məktəbimizin şagirdləri əllərində bayraq məktəbimizin qarşısından başlayıb düz mənim evimin balkonuna qədər gəldilər və məni təbrik etdilər Çünki biz daim məktəbdə vətənpərvərlik hissi aşılamışıq, daim tədbirlər keçirmişik. Hər dəfə onlara bildirmişəm ki, inşallah, gələn il bu vaxtı biz Şuşada olacayıq. Hər dəfə bu, bir arzu kimi qalırdı. Nəhayət ki, artıq arzumuz reallaşdı.
Mən sentyabr ayında Şuşa şəhəri 1 saylı tam orta məktəbə təyin olundum. Çox sevinirəm ki, bu gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhəri 1 saylı tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib və bu amal uğrunda biz və müəllim kollektivi daim çalışacağıq”.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimiziə cansağlığı versin. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız qanları, canları bahasına Qarabağımızı düşmən işğalından azad etdi. Onların sayəsində bu gün Şuşamıza yeni həyat qayıdıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ