23.12.2024, 10:11
AZ EN
11.10.2023, 14:56 340

Ağdam Dram Teatrının direktoru: Teatrımız yenidən qurulan Ağdam şəhərində daha böyük uğurlara imza atacaq

QARABAĞ
  • Ağdam Dövlət Dram Teatrı 100 illik yubileyini qeyd edir. XX əsrin əvvəllərində görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı ilə yaradılan qocaman sənət ocağı sonrakı dövrlərdə özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazanıb, mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazıb. Uzun, şərəfli və keşməkeşli tarixi yol keçmiş Ağdam teatrı müxtəlif dövrlərdə çətinliklərlə qarşılaşsa da, fəaliyyətini dayandırmayıb, zəngin ənənələrini bu gün də uğurda davam etdirir.

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov teatrın tarixi, uğurları, müharibə dövründə qarşılaşdığı çətinliklər və müasir fəaliyyəti ilə bağlı sualları cavablandırıb.

- Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Qarabağda teatr sənətinin zəngin tarixi var. Ağdam Dövlət Dram Teatrının tarixi ilə bağlı nə deyə bilərsiniz?

- Ağdam teatrı XX əsrin əvvəllərində görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı ilə yaradılıb. Yerli ziyalıların yaxından köməkliyi ilə 1904-cü ildə Ağdamda ilk tamaşalar - M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərləri səhnələşdirilib. 1923-cü ildə yaradıcı kollektivə dövlət teatrı statusu verilib. Daim zəngin repertuarı olan teatrda M.F.Axundzadənin “Hacı Qara”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”, N.Nərimanovun “Nadir şah”, H.Cavidin “İblis”, C.Cabbarlının “Aydın”, “Sevil”, “Almas” pyeslərini, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, Z.Hacıbəyovun “Evliykən subay”, “Əlli yaşında cavan” musiqili komediyaları tamaşaya qoyulub. Əhməd bəy Ağdamski və əməkdar artist Qaflan Muradov burada işləyib. Teatr 1937-1950-ci illərdə Dövlət Dram Teatrı, 1950-1968-ci illərdə isə dram kollektivi və xalq teatrı kimi fəaliyyət göstərib. 1968-ci ildə bu sənət ocağı Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirib. Teatrın repertuarında klassik pyeslər, eləcə də tarixi və müasir mövzularda yazılmış əsərlər geniş yer tutub. Xüsusən 1970-1980-ci illər Ağdam Dövlət Dram Teatrı üçün ən məhsuldar və şöhrətli illər kimi yaddaşlardadır. Bu illər ərzində teatrda S.Vurğunun “Vaqif”, M.F. Axundzadənin “Xırs quldurbasan”, “Sərgüzəşti-mərdi xəsis”(Hacı Qara), “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah”, “Sərgüzəşti-Vəziri xani Lənkəran”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, Jan Batist Molyerin "Zorən təbib", U.Bakiyevin “Qaraqum faciəsi”, S.Rəhmanın “Əliqulu evlənir”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, C.Məmmədquluzadənin “Qurbanəli bəy” və sair əsərləri tamaşaya qoyulub. Həmin illər teatra yeni istedadlı gənclər cəlb olunub. Ağdam Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artistlər Qaflan Muradov, Narınc Məlikova, Heydər Şəmsizadə, Qurban Mirzəyev, əməkdar mədəniyyət işçisi Məmməd Əmirov, sonrakı dövrlərdə Azərbaycanın Xalq Artistləri Svetlana Hakimova, Fatma Mahmudova, əməkdar artistlər Simuzər Namazova, Tofiq Qarayev, Cəmilə Məmmədzadə, Aidə Qasımova və başqaları əvəzedilməz obrazları ilə böyük iz qoyublar.

- Məlumdur ki, keşməkeşli taleyi olan Ağdam Dövlət Dram Teatrı 1990-cı illərdə böyük çətinliklərlə qarşılaşmışdı...

- 1993-cü ildə Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Digər binalar kimi, teatr binası da erməni vandalları tərəfindən dağıdıldı. Teatrımız və teatrsevərlər doğma yurdun niskilini yaşamalı oldular. 1993-cü ildən Bərdə şəhərində köçkünlük həyatı sürməyə başlayan teatrın bir çox istedadlı əməkdaşları ölkənin müxtəlif bölgələrində məskunlaşdığı üçün doğma teatrı tərk etmək məcburiyyətində qaldılar. Bütün çətinliklərə baxmayaraq, teatrın kollektivi yaradıcılıq işlərini dayandırmadı, müntəzəm olaraq cəbhə xəttində və məcburi köçkünlər qarşısında yeni tamaşalarla çıxışlar etdi. 2004-cü ildən teatr Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir.

- 100 yaşını qeyd edən teatrın hazırki fəaliyyəti barədə nə deyə bilərsiniz?

- 2011-ci ildə Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Elə bundan sonra da teatrın fəaliyyətində əsaslı dönüş yaranıb. Teatra yeni yaradıcı qüvvələr cəlb edilib. Teatrın kollektivi Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi bütün festival və müsabiqələrdə uğurla iştirak edir.

Ötən il teatrda Kənan Yusifoğlunun “Ölüm qatarı”, Sahib İbrahimlinin “Dərs” tamaşaları, həmçinin uşaqlar üçün “Göyçək Fatma” tamaşasını səhnələşdirilib. Hazırda Səməd Mənsurun “Maarif” və Təranə Məmmədlinin “Tor” əsərləri üzərində məşqlər gedir. Növbəti ilin repertuarına isə Şahnaz Şahinin “Mübariz”, M.F.Axundzadənin “Hacı Qara”, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Çingiz Ələsgərlinin “Olmayanlar olanda” tamaşaları daxil edilib.

Teatrın 100 illiyi ilə bağlı Azərbaycan Teatr Xadimləri İttifaqında iki tamaşa ilə çıxış etmişik. İlin sonunadək teatrın yubileyinin geniş qeyd edilməsi nəzərdə tutulur. Bunun üçün Ağdam teatrı yaradılan zaman ilk hazırlanmış tamaşanı – Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərini yubiley tamaşası kimi hazırlayırıq. Ən böyük arzumuz isə işğaldan azad edilmiş Ağdam şəhərində teatrın yenidən fəaliyyətini davam etdirməsidir. Əminəm ki, yenidən qurulan Ağdam şəhərində teatrımız daha böyük uğurlara imza atacaq. (AZƏRTAC)

Oxşar xəbərlər