"Vətən səsi" xəbər verir ki, beynəlxalq tranzit yüklərinin Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzrdə tutan dəmir yolu xəttinin sonuncu stansiyasında işlər yekun mərhələyə çatıb. Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsi kimi strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur.
Xatırladaq ki, layihənin ümumi uzunluğu 149,9 kilometredir. Bunun 123,6 kilometri əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas bölgəsi ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Elxan SALAHOV