Azərbaycanda muğam mədəniyyəti tarixi milli-mənəvi dəyərlərin tərkib hissəsi hər zaman yüksək mövqedə dayanıb. Hələ sovet dönəmlərində Ulu Öndərin muğama göstərdiyi diqqət və qayğının təntənəsinin davamını Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın simasında bir daha təsdiq etmiş oluruq. Muğam həm də bizim tarixi irsimizdir. Bu irs qorunub və bu gün də layiqincə qorunur. Elə bunun ən böyük göstəricisini də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mayın 10-da Ağdamda Ağdam Muğam Mərkəzinin açılışını edəndə gördük. Uzun illər musiqisiz qalan Ağdam artıq musiqisinə qovuşdu desək, yanılmarıq. Bu musiqi muğamın simasında öz yurduna qayıtdı. İndi Ağdam sözün əsl mənasında bütövləşən musiqi beşiyi oldu.
Hələ 2018-ci ildə Ağdamın Quzanlı qəsəbəsəində Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, biz yaxın vaxtlarda Ağdamın mərkəzində də möhtəşəm bir Muğam Mərkəzi inşa edəcəyik və bu söz indi öz təsdiqini tapmış oldu. İndi biz azad Ağdamda bu anlara şahidlik edirik. Muğamın ecazkarlığına və gücünə bir daha əmin olduq ki, bu sənət daim yüksəkdə tutulub və zamanla da öz ənənəsi ilə davam edir.
Xalq artisti xanəndə Mənsum İbrahimov da Ağdamda açılan Muğam Mərkəzinin açılışının sevincini yaşayır. O, Muğam Mərkəzinin muğam sənətində yeni səslərin kəşf edilməsinə də şərait yaradacağını bildirdi. Xanəndənin sözlərinə görə, Ağdam zamanla muğam sənəti üçün bir səs bazası rolunu oynayıb: “Mən düşünürəm ki, orda cənab Prezidentimizlə səmimi görüşümüz də bunu sübut elədi ki, bir daha bizim milli musiqimizə, muğamımıza dövlətin diqqəti çox böyükdür və sonra o həyətdə xalqımızla birgə cənab Prezidentin, Mehriban xanımın Qarabağ mahnısını oxuması bizim birliyimizin təntənəsi idi. Çünki artıq bizi Qarabağ birləşdirdi, Qarabağ Zəfəri birləşdirdi. Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun güclü olması birləşdirdi, igid oğullarımızın şəhidliyi birləşdirdi, qazilərimizin qəhrəmanlığı birləşdirdi. Mən düşünürəm ki, bundan sonra Qarabağımızda böyük müsabiqələr, festivallar, böyük tədbirlər keçirəcəyik”.
Tahirə AĞAMİRZƏ