08.09.2024, 07:38
AZ EN
04.05.2024, 09:24 274

İlin sonunadək Ağdamın məşhur “Çay evi” istifadəyə veriləcək

QARABAĞ
  • Ağdam şəhərində məşhur “Çay evi” yenidən inşa olunacaq. Ağdamın simvolu hesab edilən çay evi şəhər mərkəzi parkının ərazisində, əvvəlki yerində tikiləcək.

Qeyd edək ki, Ağdamın məşhur “Çay evi” ağdamlı ziyalı, alim Xudu Məmmədovun ideyasıdır. Səksəninci illərdə Ağdam Rayon Partiya Komitəsinə rəhbərlik etmiş Sadiq Murtuzayevin rayonda həyata keçirdiyi layihələrin demək olar ki, əksəriyyətinin ideya müəllifi Xudu Məmmədov idi. "Çay evi" layihəsinin baş memarı isə Naiq Səmədov olmuşdu.

Deyilənə görə, Çay evinin formasının necə olması barədə uzun müzakirələr aparılıb. Sadiq Murtuzayev və Xudu Məmmədov Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayının görüntüsü olan “Yaponiya” jurnalını görür. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. Ağdamda da belə bir binanın inşa edilməsini qərarına gəlirlər. “Çay evi” elə məscidin yanında ibadətə gələnlər üçün tikilir. “Çay evi”nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulması imiş. Bu işi görə biləcək bir gənc tapılır. Mamed adlı gənc həmin ərəfədə hərbi xidmətə getməli imiş. Elə bu bacarığına görə Mamedin Ağdamda xidmət etməsinə şərait yaradılır. Beləcə “Çay evi”nin damı vurulur. Hətta inşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən də istifadə edilir.

Ən nəhayət, 1986-cı il iyulun 26-da “Çay evi”nin təntənəli açılış mərasimi olur və o Ağdamın rəmzinə çevrilir. Əfsuslar olsun ki, digər bina və abidələrimiz kimi “Çay evi” də Birinci Qarabağ Müharibəsində  Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılaraq məhv edilmişdi. İkinci Vətən savaşında Azərbaycanın qazandığı böyük Zəfərdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işləri həyata keçirilməyə başladı.

Prezident İlham Əliyevin ötən il dekabrın 24-də təməlini qoyduğu Ağdam şəhər Mərkəzi parkının ümumi ərazisi 5,5 hektardır. Bunun 70 faizini yaşıllıqlar, 25 faizini səki və meydançalar, 5 faizini tikililər təşkil edəcək. Parkın ərazisi 4 zonaya bölünüb. Bunlar, şəhər mərkəzi, botanika bağı, çəmənliklər və meşəliklərdir. Burada inzibati binanın, mobil tipli köşklərin, restoranın, uşaq əyləncə mərkəzinin və məşhur Ağdam “Çay evi”nin də inşası nəzərdə tutulub.

Beləliklə, ağdamlıların və bura gələn qonaqların çox sevdiyi üçmərtəbəli, günbəzli Çay evi bu ilin sonunadək istifadəyə veriləcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər