Dağ iqliminə və gözəl təbiətə malik Suqovuşan Tərtər çayının kənarında yerləşir. Bu ərazi həmçinin su anbarı ilə gələcəkdə böyük turizm potensialından xəbər verir. Bütün bu əlverişli şərait isə Suqovuşanda yaşayışın təmin olunmasına yol açır. Artıq qəsəbədə ilk yaşayış kompleksi tikilir.
Qarabağ İqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri Leyla Sarabi İTV-nin “Qarabağ gündəliyi”nə bildirib ki, Suqovuşanda hazırda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yüksək sürətlə davam etdirilir. Tikinti zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Binalar 190 mənzildən ibarət olacaq. Mənzillərin 1, 2, 3 otaqlı olması nəzərdə tutulur. İnsanların rahatlığı üçün əlavə infrastruktur da yaradılır. Binalar tikilib başa çatdıqdan sonra ətrafda yaşıllıqlar salınacaq, uşaqlar üçün oyun meydançası və söhbətgahlar da istifadəyə veriləcək. Burada 144 şagirdlik məktəbin inşası artıq tamamlanıb. Ərazidən keçən Tərtər-Talış yolu əsaslı təmir edilib. Həmçinin qəsəbəni elektrik enerjisi ilə təmin etmək üçün Suqovuşan - 1 və Suqovuşan - 2 kiçik su elektrik stansiyaları qurularaq istifadəyə verilib.
Mina RƏŞİD