27.07.2024, 15:14
AZ EN
14.09.2023, 17:48 235

Qarabağda dərs ili: Laçında, Şuşada, Füzulidə yeni məktəblər...

QARABAĞ

30 illik fasilədən sonra işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilmiş 6 məktəbdə “Bilik günü” keçiriləcək

  • Laçın şəhərində və rayonun yenidən qurulmuş Zabux kəndində 31 illik fasilədən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq. Eyni zamanda Laçınla həmdəm olan Şuşa şəhəri də yeni dərs ilinə hazırdır və sabah Azərbaycanın mədəniyyət paytaxtında təntənəli açılış mərasimi keçiriləcək. Bununla da işğaldan azad edilmiş ərazilərdə “Bilik günü” keçiriləcək məktəblərin sayı 6-ya çatacaq.

Bəs, müzəffər Azərbaycan ordusunun 44 günlük müharibə nəticəsində işğaldan azad etdiyi ərazilərdə ilk dəfə olaraq “Bilik günü”nün qeyd olunacağı məktəblər hansılardır?

“Vətən səsi” xəbər verir ki, uzun ayrılıqdan sonra bu il ilk dəfə olaraq Şuşa, Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux qəsəbəsində yenidən qurulmuş təhsil ocaqları öz qapılarını məktəblilərin, 30 ildir məcburi köçkün həyatı yaşayan müəllimlərin üzünə açağaq. İlk dərs günü, sentyabrın 15-də Laçın rayon 2 nömrəli tam orta məktəbdə ilk zəng çalınacaq. Artıq Elm və Təhsil Nazirliyinin rəhbər heyəti bu gün Şuşaya şəhərinə səfər edərək 31 illik fasilədən sonra yenidən fəaliyyətə başlayacaq 1 nömrəli məktəblə tanış olub.

Otuz bir illik fasilədən sonra Laçın şəhərindəki 2 saylı məktəb də yeni dərs ilinə hazırdır. Sabah bu məktəbdə keçiriləcək “Bilik günü” tədbirində elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, müəllimlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edəcək.

510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Daha sonra isə Laçın rayonu Zabux kənd tam orta məktəbində ilk dərs günü münasibətilə tədbir olacaq.

Yeri gəlmişkən, Laçında sonuncu dəfə 1991-ci ilin sentyabrında 1991-1992-ci dərs ilinin başlaması münasibətilə “Bilik günü” keçirilib.

Şuşa və Laçınla yanaşı bu ilk Füzuli şəhərində də yeni dərs ilinin ilk günü tarixi hadisə kimi kaddaşlarda qalacaq. Otuz ildən sonra ilk dəfə “Bilik günü”nün keçiriləcəyi bu məktəbdə hazırlıq işləri təxminən bir ay əvvəl yekunlaşıb. Elm və Təhsil Nazirliyinin 21-23 avqust tarixlərində keçirdiyi müsabiqədən sonra Şuşa və Füzuli şəhərlərində müddətli müqavilə əsasında pedaqoji fəaliyyət göstərmək istəyən  müəllimlərin işə qəbulu (MİQ) başa çatıb. Artıq hər iki şəhərdə yenidən qurulan məktəblərdə işləyəcək müəllimlərin kimliyi də müəyyənləşib və onlar sabahdan doğma yurdda sevimli şagirlərinin qarşısında olacaqlar. Ümumilikdə Şuşa və Füzuli şəhər məktəblərində vakansiya seçimi mərhələsində uğur qazanan 1045 müəllim müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.

Zəngilan rayonun Ağalı və Tərtərin Talış kəndləridə isə artıq ikinci ildir ki, məktəblilər ata-baba ocağındakı doğma məktəbdə təhsil alır. İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində ötən il sentyabrın 15-də 29 ildən sonra ilk dəfə “Bilik günü” keçirilib. 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Tərtər rayonunun Talış kəndində ilk dərs günü 2023-ci il martın 27-ə təsadüf edib. Ötən dərs ilində 78 şagird yerlik 24 şagird təhsil alıb, onların təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olub. Sabah isə həmin məktəbdə bərpa və yenidənqurmadan sonra ilk dəfə olaraq “Bilik günü” qeyd olunacaq.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ümumilikdə yeni tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 ümumi təhsil müəssisəsində 780 şagird təhsil alacaq, 94 müəllim tədris verəcək. Ancaq şagirdlərin sayı həmin ərazilərə köçürülən ailələrin məskunlaşma prosesindən asılı olaraq dəyişə bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər