Bu barədə Xankəndi Konqres Mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov bildirib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir hissəsi olan bu Mərkəz funksional idarəetmə prinsiplərinə və yüksək xidmət meyarlarına cavab verəcək.
"Dörd mərtəbədən ibarət Xankəndi Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək", - N.Bədəlov deyib.
Onun sözlərinə görə, müxtəlif sahibkarlıq subyektləri və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz, eyni zamanda, məşğulluğun artırılmasına da töhfə verəcək: "İlkin mərhələdə Biznes Mərkəzində 20 nəfər işləyəcək ki, onlardan da 12-si Xankəndi, Xocalı, Şuşa və işğaldan azad olunmuş digər ərazilərin sakinləri, 1-i isə Vətən müharibəsi veteranıdır".
N.Bədəlov vurğulayıb ki, Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib. (Report)