Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri çərçivəsində ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir.
İkinci mərhələdə baza infrastrukturun yaradılması məsələləri çərçivəsində magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin edilir Üçüncü mərhələdə sosial məsələlərin həlli üçün yaşayış məntəqələrinin bərpası və yenidən qurulması – yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektləri və s. tikilərək istifadəyə verilir.
Dördüncü mərhələdə isə genişmiqyaslı iqtisadi məsələlər çərçivəsində məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir.
"Hazırda 1-ci və 2-ci mərhələlərə aid məsələlərin həlli üzrə böyük işlər görülüb və bu işlər intensiv olaraq davam edir. Hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşünün təmin edilməsidır ki, son 2 ilə yaxın müddət ərzində bu istiqamətdə intensiv işlər aparılmaqdadır.
Görülən işlərin bariz nümunələrindən biri kimi qısa müddətdə – cəmi 8 aya tikilib istifadəyə verilmiş və bu gün təyyarə ilə Bakıdan gəldiyiniz Füzuli beynəlxalq aeroportunu və onun ətrafındakı infrastrukturu misal gətirmək olar. Artıq nümayiş olunmuş qısa filmdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altına hökumətimizin apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin bir qismini gördünüz.
Hazırda təhlükəsizlik məsələlərinin həll edildiyi və baza infrastrukturun yaradılması mümkün olmuş ərazilərdə 3-cü və 4-cü mərhələlərə aid məsələlərin paralel olaraq həlli davam edir", - A.Quliyev deyib. (Report)