27.07.2024, 13:12
AZ EN
22.09.2022, 08:00 519

Füzuli rayonu Horadiz kəndi

QARABAĞ

Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Füzuli rayonu ən qədim insan məskənlərindəndir. Bu rayonun ərazisindəki bəzi kəndlərin qədimliyini sübut edən xeyli sayda tarixi, maddi-mənəvi abidələr var. Belə kəndlərdən biri də Horadiz kəndidir. Bununla əlaqədar olaraq Füzuli RİH-i başçısının Horadiz kənd ərazi nümayəndəsi Rasim Qarayevlə söhbət etdik. O, bildirdi ki, rayonun ikinci ən böyük kəndi olan bu kənd Araz çayının sol sahilində düzənlikdə yerləşir. Horadiz kəndinin Neolit dövrünə aid yaşayış məskəni Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun rəhbərliyi ilə 2019-cu ildə aşkar olunub. X.Alməmmədov bildirib ki, qazıntı zamanı hər biri 16 kvadratmetr olan dörd sahədə üç tikinti, bir həyət divarının qalığı aşkar olunub. Həmçinin yaşayış binası kimi istifadə olunan binadan 4 ədəd təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif alətlər, uşaq skeleti və qəbirstanlıq da tapılıb. O da qeyd olunur ki, neolit dövrünə aid olan yaşayış yerində qəbirstanlığa ilk dəfədir ki, rast gəlinir. Bütün bunlar bir daha sübut edir ki, qədim Azərbaycanın bir çox əraziləri kimi Füzuli rayonunun böyük bir ərazisi tarixi maddi-mənəvi abidələrlə zəngindir. Məlum olduğu kimi Qarabağ xanlığının tərkibində 5 məliklik olmuşdur - Dizaq, Xaçın, Vərəndə, Çiləbörd, Talış. Dizaq nahiyəsinin tərkibində olan bu kəndin adı Horadiz kimi qeyd olunmuşdur.

Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və aqrar sahələridir. Kənddə 2 məscid (Quzey Məscid 150 m2), (Güney məscid 80 m2) bir İmamzadə ziyarətgahı (ərazisi 25 m2).

Horadiz kəndinin əhalisi və ərazisi böyük olduğu üçün İcra nümayəndəliyi, kolxoz idarəsi, kinoklub, məişət evi, musiqi məktəbi, orta məktəb, hamam, xəstəxana, doğum evi, 2 kitabxana burada fəaliyyət göstərirdi. Bunlarla yanaşı 4 çayxana, 5 kəhriz, 12 bulaq, 2 dəyirman da Horadiz kəndində yerləşirdi. Horadiz kəndi respublikamızda tanınan böyük şəxsiyyətlər də yetişdirmişdir. Musiqi Mədəniyyət sahəsində Seyid Şuşinski, Əfsər Cavanşirov, uzun illər Mədəniyyət naziri olmuş Zakir Bağırov, indiki Mədəniyyət naziri Anar Kərimov, hüquq mühafizə orqanlarında Bəşir İmanov, Fərzəli Namazəliyev, elm sahəsində Hüseyn Namazəliyev, Əli Cəfərov, Arif Cəfərov, Məmməd Xələfov, Cəbrayıl Xələfov, Əli Nuriyev və b. bu kəndin yetirmələridir. Horadiz kəndinin müxtəlif sahələr üzrə onlarla alim və vəzifə sahibləri bu gün də öz fəaliyyətlərini davam etdirirlər.

İkinci Dünya müharibəsində 196 nəfər Horadiz kənd sakini iştirak etmişdir. Onlardan ikisi – Mehdiyev Nuruş və Mamed Məmmədov partizan hərəkatında igidlik göstərmişlər.

Birinci və İkinci Qarabağ savaşında Horadiz kəndi 27 hərbi şəhid, 9 mülki şəhid vermişdir. Hərbi şəhidlərdən ikisi baş leytenant İmanov Adil Tapdıq oğlu və kapitan İsmayılov Adil Əsgər oğlu “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşlar. Bu gün 21 qazisi var ki, onlardan Heydərov Elnur Dövran oğlu “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Kənd artıq iki ildir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmişdir. İndi ərazidə yaşayış olmasa da Sualtı deyilən 1000 hektarlıq ərazidə pambıq, buğda və arpa əkilib. Onu da qeyd edək ki, həmin ərazi 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə düşməndən azad olunmuşdur. Elə həmin vaxtdan da Horadiz kəndinin ərazisi kimi burada əhali əkin-biçinlə məşğul olmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan abadlıq, bərpa işləri nəticəsində bütün Qarabağda, o cümlədən Horadiz kəndində də evlər tikiləcək, əhali öz doğma yurd-yuvalarına qovuşacaqdır.

İsa Musayev

Oxşar xəbərlər