Vətəndaşlarla əvvəlcə ümumi, daha sonra isə fərdi qaydada görüşərək onların problemləri və təklifləri dinlənilib. Qaldırılan bütün məsələlərin araşdırılması və həlli üçün qeydiyyata alınıb. Hər bir müraciətə ayrı-ayrılıqda baxaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağı bildirilib.
Deputat Cəbrayıl şəhərinə səfəri zamanı şəhər mərkəzində yeni inşa olunmuş binalarda məskunlaşan sakinlərlə də görüşüb. Bu görüş, həm onların gündəlik həyat şəraiti ilə yaxından tanış olmaq, həm də gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq baxımından mühüm olub.
Millət vəkili söhbət əsnasında bildirib ki, uzun illər ərzində respublikamızın müxtəlif bölgələrində, şəhər və qəsəbələrində bu cür görüşlər təşkil etmişik: "Ancaq bu dəfə cəbrayıllılarla məhz doğma Cəbrayılda görüşməyimiz bizə xüsusi qürur və sevinc yaşatdı.
Bu gün Cəbrayıl şəhərində sakinlərlə görüşməyimiz, əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü siyasətin, xalqımızın böyük qəhrəmanlığı və Qarabağ zəfərinin nəticəsidir. Müzəffər Ali Baş Komandanın iradəsi, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad edildi və bu gün Cəbrayıl öz sakinlərini yenidən qucaqlayır.
Azərbaycanın iqtisadi gücü, həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, dövlətimizin siyasi möhkəmliyi məhz bu reallığı təmin edib. Ölkəmizin hər bir bölgəsində, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Prezidentimizin uzaqgörən siyasətinin bariz göstəricisidir.
Bizim üçün ən böyük qürur odur ki, Azərbaycan bu gün regionun lider dövləti, söz sahibi və qalib ölkəsi kimi tarixi bir mərhələni yaşayır".
Tahirə AĞAMİRZƏ