22.01.2026, 11:34
AZ EN
22.01.2026, 10:21 19

Doğma yurdda yeni başlanğıc: Ayxan İsfəndiyarlının uğur hekayəsi

ŞƏRQİ ZƏNGƏZUR
  • “Böyük Qayıdış” Proqramı çərçivəsində ata-baba yurdlarına geri dönən sakinlərin sosial dəstəklə təminatı istiqamətində Azərbaycan dövləti tərəfindən tədbirlər görülür. Füzuli şəhərində də sakinlər üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb. Dövlət tərəfindən ayrılan avadanlıq və xammal sayəsində vətəndaşlar heyvandarlıq, arıçılıq və müxtəlif xidmət sahələri üzrə öz kiçik bizneslərini qurmaq imkanı əldə ediblər. Bu təşəbbüslər regionda iqtisadi aktivliyin bərpasına xidmət etməklə yanaşı, ailələrin dayanıqlı gəlir mənbəyi ilə təmin olunmasında mühüm rol oynayır. Sosial reabilitasiya və məşğulluq tədbirlərinin genişləndirilməsi sakinlərin yeni həyat şəraitinə uyğunlaşmasını daha da sürətləndirir.

Füzuli şəhərində özünüməşğulluq proqramına cəlb olunan sakinlərdən biri də Ayxan İsfəndiyarlıdır. O, bir ildən çoxdur ki, dönərxana işlədir.

“2024-cü ilin yanvar ayında Füzuli şəhərində məskunlaşdıq. Burada yeni yaşayış binaları inşa edilib və bizi bütün şəraiti olan mənzillərlə təmin ediblər. Köçdükdən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olundum. Bizə dönər aparatı, toster, fri və köftə aparatı, soyuducu da daxil olmaqla, fəaliyyət üçün lazım olan bütün avadanlıqlar verildi. Bir ildən çoxdur ki, obyektimiz fəaliyyət göstərir və qazancımız qənaətbəxşdir. Yaradılan şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk”, - deyə o bildirib.

Qeyd edək ki, Füzuli şəhərinə köçürülən sakinlərdən 54-ü özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlar qurub. Ümumilikdə, bu cür dəstək mexanizmləri azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların sosial rifahının yüksəldilməsinə və fərdi təşəbbüskarlığın stimullaşdırılmasına birbaşa töhfə verir. Kiçik bizneslərin sayının artması şəhərin iqtisadi ekosistemini canlandırır, yeni iş yerlərinin açılması üçün zəmin yaradır. Sakinlərin öz doğma yurdlarında sahibkarlıqla məşğul olması, bölgənin gələcək inkişafı və reinteqrasiya prosesinin uğurla tamamlanması baxımından strateji əhəmiyyət kəsb edir. Beləliklə, Füzuli sakinləri dövlətin qayğısı ilə əhatə olunaraq öz gələcəklərini daha inamla qururlar. (AZƏRTAC)

Oxşar xəbərlər