Elə Şükürovların da həyatı sanki bir hekayədir..
İctimai Televiziyanın Laçınlı ailə ilə bağlı hazırladığı bir video diqqətimi çəkdi. Söhbət Şükürovlar ailəsindən gedirdi...
Şükürovlar da Laçına yenidən qayıdan ailələrdəndir. Onlar evləri ilə yanaşı ürəklərini də burda qoyub getmişdilər. Laçın ermənilər tərəfindən işğal olunandan sonra evlərində yağılar məskunlaşmışdı. Şükürovlar qayıdanda görüblər ki, ermənilər evdə daşı-daş üstündə qoymayıblar. Artıq bu acı günlər arxada qalıb. Şükürovlar ailəsi indi Laçında yaşamağın, yeni ili Laçında qarşılamağın həyacanını yaşayır.
“Həmişə mən bu videoya baxanda çox kövrəlmişəm. Baxmayaraq ki, indi Laçındakı evimizdəyik, yenə də baxanda kövrəlirəm”. Bunu Emin Şükürov deyir. O, evindən və burada 28 il yaşayan erməni ailəsinin evdəki görüntülərindən danışır, qeyd edir ki, kadrları sosial şəbəkələrdən əldə edib. Bildirir ki, görüntülərdə ailəsi ilə bu evdə yaşayan erməni qadın eyvanda paltar sərir.
“Həyətdə, bacada özlərinə uyğun şərait düzəltmişdilər və o bizə çox pis təsir edirdi. Mənə çox ağır gəlirdi, çox pis olurdum. Amma çox şükür olsun ki, bu gün mən həyətimizdəyəm”.
Həmin erməni ailə Laçın azad olunandan sonra evi talan edir, götürə bildiklərini götürür, evə isə od vurur. Emin Şükürov geri qayıdanda evini dağılmış, yanmış vəziyyətdə görür: “Evin içində olan pilləkənləri belə söküb aparmışdılar. Çox bərbad hala salmışdılar. Evin bir tək divarı dururdu, o da dağılmışdı. Tamam yandırıb, dağıdıb sökmüşdülər. Ev sıfırdan təmir və bərpa olunur. Ailə üzvlərim Bakıda yaşayırlar. Ev hazır olandan sonra köçüb birgə yaşayacağıq burda. Evimiz məktəbə çox yaxın olduğu üçün ikisini də, yəni evimizi və doğma məktəbimizi bir düşünmüşəm həmişə. Bu gördüyünüz əmim gilin evidi. Mənim üzbə-üz qonşum Tapdıq əmi vardı, rəhmətə getdi, gözəl bir insan idi, onların evidi bu da. Aşağıda babamgilin evi idi...”
Qonşuluqdakı ev isə hazır idi. Təmir yekunlaşmışdı, son işlər görülürdü. Evin sahibi isə yoldaydı, Laçına gəlirdi. Emin Şüküro deyir ki, Allaha şükür ki, əmim bu gün qayıdır evə, özü də çox yüksək səviyyədə, gözəl şəraitlə təmin olunmuş bir evə qayıdır: “Mən özüm də həyacanlanıram ki, əmim necə hisslər keçirdəcək, bilmirəm”.
Hava artıq qaralıb. Axşam çağıdır.
Laçına 28 ildən sonra qayıdan Vaqif Şükürov gecə saatlarında öz doğma evinə qayıdır. O, deyir ki, mənim nəvəm heç Laçını tanımırdı. Bakıda anadan olub. Amma ona baxmayaraq, bununla üçüncü dəfədir ki gəlib bura. Mən isə birinci dəfədir ki, gəlirəm: “Gələndə uşaqlar göstərirdi ki, bura filan yerdi, ora filan yerdi, adam inanmır. Allah, bu işdə kimin əməyi var, canın sağ eləsin. Onların hamısın xoşbəxt eləsin. Allah Prezidentimzin köməyi olsun, canın sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Təkcə bizim nəvələrimiz yox, nəvələrimizin nəvələri də gələcəkdə şəhidlərə borcludur”.
83 yaşlı ağsaqqal baba göz yaşlarına hakim ola bilmir. Səsi titrəyə-titrəyə deyir ki, Azərbaycanın hər yeri bizim üçün əzizdir. Amma adamın özünün doğulub boya-başa çatdığı yer başqa şeydi, tamam başqa.
Fariz Şükürov bildirir ki, ermənilər bizim evdə yaşayıblar, amma hər yeri dağıdıblar, ermənilər bax, belə bir millətdir. Bizim normal şəraitdə qoyub getdiyimiz evi darmadağın edib belə də yaşayıblar burda.
Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Neçə-neçə laçınlı ailələr artıq yeni ili doğma Laçın torpağında, öz evlərində qarşılayacaqlar. Arzu edirik ki, doğma torpaqlarına qovuşan soydaşlarımızın doğma yurdda keçən günləri həmişə elə bayram ovqatında olsun.
Hazırladı: Tahirə AĞAMİRZƏ