FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.
Xankəndi şəhərində, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.
FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır. (Report)