22.11.2024, 02:30
AZ EN
26.01.2024, 06:00 273

Daşaltı faciəsindən 32 il ötür

QARABAĞ

1988-ci ildən başlayaraq ermənilər Qarabağ üzərinə aktiv hücuma keçdilər. Həmin dövrdən etibarən Qarabağ etnik qarşıdurmaların, ərazi iddialarının olduğu bölgəyə çevrildi. SSRİ-nin rəhbərliyi səviyyəsində dəstəklənən radikal ermənilər bundan istifadə edərək ciddi şəkildə silahlanaraq hissə-hissə Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Azərbaycanlıların müdafiəsinin zəif təşkil edilməsi Ermənistana və onun marioneti olan separatçı rejimə əlavə üstünlüklər qazandırırdı. Nəticədə erməni silahlı qüvvələri çox keçmədən strateji nöqtələri zəbt etdilər. Artıq Şuşaya doğru ayaq açan düşmən şəhərin Daşaltı kəndini də tutmağı bacardı. Daşaltının itirilməsi azərbaycanlıların işini olduqca çətinləşdirirdi. Şuşa-Laçın magistral yolu boyunca yerləşən kəndin düşmən əlinə keçməsi, Şuşanı və Şuşa-Laçın yolunu daim təhlükə altında saxlayırdı. Ermənilər buraya yaxın məsafədə yerləşən Şuşanı, eləcə də Şuşa-Laçın yolunu tez-tez atəşə tuturdular. Bu isə öz növbəsində, Azərbaycan Silahlı Qüvvələrinin təchizatına ciddi maneələr törədirdi. Hadisələrin bu cür cərəyan etməsi kəndin geri qaytarılmasını olduqca zəruri edirdi. Beləliklə, mövcud situasiyanı nəzərə alan Azərbaycan komandanlığı Daşaltı kəndinin geri qaytarılması üçün əməliyyat keçirməyi qərara aldı.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrıldı. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edirdi. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndini keçib Qızılqaya hündürlüyünə qalxaraq, Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək idi.

Kənd uğrunda döyüşlər yanvarın 25-də axşam saatlarında başladı. Kəndə daxil olan Azərbaycan hərbçiləri gözləmədikləri halda ermənilərin pusqusuna düşdülər. Kömək üçün gələn digər taqımlar da itki verərək geri çəkildilər. Silahlı Qüvvələrimiz uğursuz əməliyyatda 90 nəfər hərbçi itirdi. Qəhrəman övladlarımız düşmənə qəfil yaxalansa da, sona qədər döyüşdülər. Düşmənin "təslim olun" çağırışlarına məhəl qoymayan əsgərlərimiz çətin vəziyyətdə belə 80 erməni əsgərini məhv etməyi bacardılar. Lakin hava şəraitinin sərtliyi, hərbi əlaqənin zəif təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində əməliyyat uğursuz oldu.

Əməliyyatdan sonra Azərbaycan tərəfi təhqiqata başladı, bir neçə nəfərə qarşı cinayət işi açıldı. Şahidlərin ifadələri əsasında əməliyyatın uğursuz olmasının səbəbləri açıqlanarkən qeyd olundu ki, düşmənin və ərazinin kəşfiyyatı dərindən aparılmayıb, düşmənin bilavasitə ehtiyat qüvvələrinin yeri, onların (döyüş yerinə) gələn yolları və mümkün hərəkət üsulları müəyyən olunmayıb. Hazırlanan hesabatda qüvvə və vasitələrin hesablanmasının aparılmaması, eləcə də top və zirehli texnikanın kifayət qədər olmaması da göstərilirdi. Həmçinin yerli əhali arasından seçilmiş bələdçilərin ərazini hərbi nöqteyi-nəzərdən zəif tanıması, o cümlədən ehtiyat qüvvəsi üçün müəyyən vasitələrin ayrılmaması da döyüşdə həlledici faktor olmuşdu.

Bu məğlubiyyət ermənilərin daha da ruhlanmasına səbəb oldu. Nəticədə təcavüzkar qonşumuz Birinci Qarabağ müharibəsinin gedişində təşəbbüsü ələ aldı.

Bu il Daşaltı faciəsindən 32 il keçsə də, hər ilin bu günü Vətən yolunda canlarından keçən şəhidlərimiz böyük ehtiramla yad edilir. İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əks-hücum əməliyyatlarında azad edilən kəndlərdən biri də Daşaltı oldu. 44 gün davam edən döyüşlərdə Silahlı Qüvvələrimiz düşməni məğlub etməklə Daşaltı faciəsinin qisasını almağı bacardı.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR