Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Tərtər üzrə baş mütəxəssisi, Kəmalə Abbaszadə:
-Bununla bağlı çarın Hacı Zeynalabdin Tağıyevə cavabı bu olmuşdur ki, dəmir yolunun tikintisinə icazə verilsə də, amma onun üçün vəsait ayrılmayacaq. Belə olduğu halda, Hacı Zeynalabdin Tağıyev əhalinin güzəranının yaxşılaşdırılması məqsədilə şəxsi vəsaiti və əhalinin köməyi ilə körpünün tikintisinə başlanılmışdır.
Dəmir yolunun və Tərtər çayı üzərindəki körpünün tikintisi 1916-cı ildə yekunlaşır. Yevlaxdan başlayaraq, Tərtər, Ağdam və Xankəndiyə qədər uzanan bu yol Qarabağın iqtisadi inkişafına əvəzsiz töhfə verib.
1940-cı ilə qədər istismarda olan yol nədənsə sonradan istifadəsiz qalır. Dəmir yolu və körpünün üzəri sökülür. Möhkəm və unikal mühəndislik nümunəsinin qalıqları hələ də yerindədir.
Çay üzərindəki 9 aşırımlı körpünün sütunları ilk gündəki kimidir. Körpünün tikintisində əsasən yerli tikinti materiallarından istifadə olunub. İstifadə olunan daşlar 1910-cu ildə Ağdamın Şahbulaq dağından gətirilib. Sütunların günümüzə qədər ayaqda qalmasının səbəbi isə dövrünün mühəndislik möcüzəsidir.
Kəmalə Abbaszadə vurğulayıb ki, körpünün tikintisində elə bir materiallardan istifadə etmək lazımdır ki, körpünün tikintisi davamlı olsun və onun uzun illər xalqa xidmət etməsi təmin olunsun. Bununla əlaqədar olaraq körpünün tikintisində ağdaşlarla bərabər, ağ boyalardan, yumurtadan da istifadə olunmuşdur ki, gördüyümüz kimi bu gün də körpünün sütunları olduğu kimi qalmaqdadır. Yerli sakinlər arasında körpü kukuşka adlanır. Bu ad ona üzərindən keçən paravozların çıxardığı səslə bağlı verilib. Dövrünün nəhəng layihəsi və şah əsəri hesab olunan tikili Tərtərçayı üzərindəki ilk körpü kimi tarixə düşüb.
Təqribi uzunluğu 200 metr olan körpünü 11 sütun ayaqda saxlayır. Nəzərə alsaq ki, körpünün istismarı dönəmində Sərdəng və Suqovuşan anbarları mövcud olmayıb, çaydan keçən suyun həcmini təsəvvür etmək elə də çətin olmaz. Amma azərbaycanlı mühəndis və memarlarının ortaya qoyduğu bu mükəmməl sənət əsəri həmin sel-sularına sinə gərməyi bacardı.
Qarabağa çəkilən ilk dəmir yolundan indiyə kimi qalan təkcə Tərtər çayı üzərindəki körpünün sütunları deyil, daha bir nişanə də var.
Qarabağa çəkilən ilk dəmir yolu xətti ilə yüklərlə yanaşı, həmçinin sərnişin daşımaları da həyata keçirilib. Bunun sübutu Qarabağa çəkilən ilk dəmir yolu xəttinin Tərtərdəki vağzal stansiyasıdır.
Qarabağ regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəsi, Ceyhun İsmayılzadə:
- Bu ilk növbədə Yevlaxdan Tərtər çayı üzərindən keçərək gördüyünüz bu istiqamət üzrə Səhləbad, Əskipara kəndlərindən keçərək Ağdam rayonuna getmişdi. İlkin olaraq burda pambıq daşıması üçün istifadə olunmuşdu. Daha sonra həmçinin sərnişinlərin daşınması üçün istifadə olunmuşdu.
Tərtərdə yaşayan insanların Bakı istiqamətinə çatmaq üçün Yevlağa getmiş və bu dəmir yolundan istifadə olunmuşdur.
Sovetlər dönəmində körpünün üzəri sökülsə də, vağzal binası təyinatı üzrə olmasa da, hələ də istifadədədir. Qarabağa gedən ilk dəmir yolunun qalıqları adlandırdığımız unikal və mühəndislik və memarlıq nümunələri hazırda dövlət mühafizəsindədir.
Hazırladı:Tahirə AĞAMİRZƏ