Bu, təkcə Qarabağın yox, Azərbaycanın Ağdamı idi. Azərbaycanın dilbər guşələrindən biri olan Ağdamın baharını güllər- çiçəklər bəzəyər, payızından bar-bərəkət yağardı. Qışında bəmbəyaz damların bacalarından burulan tüstüsü ilə bir tablo yaradardı gözümüzün önündə. Yayının toy-busatı, peşəkar rəssam üçün ələ düşməz mənzərələr idi. Məmləkətin bir parçası olan bu şəhər sakinləri üçün dünyanın özü boyda böyük idi və elə həm də Ağdam bu sakinləri ilə zəngin idi. Hər səhər günəşə boylanan, onun parlaq şəfəqləri ilə oyanan, fərasətli, qonaqpərvər insanları ilə də bəxtəvər idi. Bu şəhərin sakinlərinin gözü öz doğma ocaqlarında idi, heç kimin çəpərindən boylanmazdılar, heç kimin bostanına daş atmazdılar, heç kimin torpağına göz dikməzdilər. Gələnə qucaq açardılar, ürək açardılar, süfrə açardılar. Gedəni hörmətlə yola salardılar. Amma bu şəhər həm də qədim tarixi, var-dövlətləri, sərvətləri, mədəniyyəti, musiqisi, yüksəlişi ilə yadellilərin gözlərini qamaşdırırdı. Fürsət güdənlər çox idi və bu kəmfürsətlər günlərin birində bu dinc, gözəl şəhərə də müharibə gətirdilər. Bu müharibə taladı, xarabalığa çevirdi bu şəhəri. Ağdamın yaraşıqlı evlərini alt-üst elədi, gül baxçasını al-qana bələdi, ağdamlıları isti ocağından didərgin saldı. Altı min ağdamlının qapısını qara kağızla döydü, altı min ağdamlı anaya igid olunun əvəzində qara tabut gətirdi müharibə. Ağdamda tariximizin şahidi və bəzəyi olan çoxsayda memarlıq abidəsi var idi. Xındırıstan kəndində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndində 1314-cü ilə aid olan Kutlu Musaoğlu günbəzi, Salahlı Kəngərli kəndində on dördüncü əsrə aid türbə və daş abidələr, Papravənd kəndində on yeddinci əsrə aid Xanoğlu türbəsi, on səkkizinci əsrə aid türbələr və məscid, Pənahəli xan və onun nəslinin Ağdamdakı imarəti, Şahbulaq qalası və çox sayda digər maddi-mədəni sərvətləri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Qafqaz Albaniyasını yaradan 26 tayfadan biri olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıb. 1958-ci ildə Sofulu kəndində Xaçınçayının orta axarında aparılan arxeoloji qazıntı zamanı Govurqala adlanan şəhər tipli yaşayış məskəni aşkarlanıb. Alimlər hesab edirlər ki, Govurqala elə Aboin Ağdamın özüdü. Aboin tarix səhnəsində 11-ci əsrə qədər mövcud olub. Sonralar Ağdam adlanıdırlıb. Yerli əhali qədimdən rayonun ərazisində mövcud olan əhəng tərkibli dağ məşəli ağ daş mədənlərindən geniş istifadə ediblər. Ağdam adının burdan yaranması bildirilir...
Bu gün Ağdam yenidən qurulur və ağdamlılar yenə öz doğma ocaqlarına qayıdacaq, əvvəlki firəvan qaynar həyatlarına qovuşacaqlar...
Hazırladı: Tahirə AĞAMİRZƏ