Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
1992-ci il Xocalı şəhərinin işğalından sonra Əsgəran qalası da digər abidələrimiz kimi düşmən tərəfindən dağıntılara məruz qalmışdı. Daha sonra ermənilər adını dəyişdirib Mayrabert qoyduqları Əsgəran qalasında hələ bir özlərinə məxsus bərpa- tikinti işləri də aparmağa cəhd ediblərmiş. Tikinti aparılan ərazilərdə dərin çalaların əmələ gəlməsi də bunu təsdiq edir.
Bu günlərdə İctimai Televiziyada işğaldan azad edilmiş Əsgəran qəsəbəsi yaxınlığında yerləşən Əsgəran qalasından reportajla biz də doğma yerlərə səyahət etmiş olduq.
Qeyd edək ki, qədim zamanlarda yadellilərin hücumlarından qorunmaq və müdafiə məqsədilə Azərbaycanda inşa edilmiş qalalardan biri də Əsgəran qalasıdır. El arasında “Əsgəran qalası” adı ilə tanınan bu sədd XVIII əsrdə Qarabağ xanlığının şərq sərhədində tikilib.
Qalanın adı Əsgəran adlı yerlə bağlı olub Azərbaycan dilindəki əski və Aran toponimindən ibarətdir. Qədim Aran mənasını ifadə edir.
Əsgəran səddi Qarabağ xanlığının şərq qapısı hesab edilirdi. Qala Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 metrə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çayı vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdi. Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.
Relyefə uyğun olaraq dəhliz bir bürcün birinci mərtəbəsini digər bürcün ikinci mərtəbəsi ilə birləşdirir. Dağ keçidindən müdafiə olunan kənar şərq bürc xüsusi formalı otaqlar kompleksindən ibarətdir. Qalanın sol sahil hissəsi (qərb) isə bir müdafiə həlqəsində birləşən düzbucaqlı trapesiya şəkilli istehkamlardan ibarətdir. Burada relyef nəzərə alınmaqla inşa olunmuş qala divarları altı bürclə möhkəmləndirilib. Qarqar çayından başlayaraq dağa doğru uzanan qala divarları qala həyətini əmələ gətirib.
Yuxarı qala həyətinin hər küncündə bir bürc yerləşməklə demək olar ki, kvardrat formalı qapalı istehkamdır. Bu həyətdən aşağı həyəti ayıran köndələn divarda daxili, üstü tağlı darvazalar vardır. Aşağı həyət şərq tərəfdən açılmışdır, belə ki, hər iki divar yalnız çaya çatır. İstehkamın sol sahildəki altı bürcün hər biri mərkəzində kiçik aşınma olan tağtavanla iki mərtəbəyə ayrılır.
Üçüncü mərtəbə yalnız mazğallara qədər mühafizə olunub. Kvadrat formalı istehkam müdafiə sistemində xüsusi əhəmiyyət kəsb edirdi və elə inşa olunmuşdu ki, hətta qalanın aşağı hissəsi düşmənin əlinə keçdikdə də burada mübarizəni davam etdirmək mümkün olsun. Hündürlüyü 9 metr, qalınlığı 2 metrdən ibarət qala divarları üz hissəsi yaxşı işlənmiş çay daşlarından tikilmişdir. Horizontal sıralı döşəmə daşlar tikintini daha da canlandırır.
Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı mənbələrdə müxtəlif cür yazılsa da İTV-nın Əsgəran qalasından hazırladığı bu reportajda da onun Pənahəli xana məxsus olduğu bildirilir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızdakı qədim qala və istehkamlarımız kimi Əsgəran qalasının da ciddi araşdırılmağa ehtiyacı var. Unutmayaq ki, bu tarixi abidələrimiz 30 ilə yaxın düşmən əsarətində özgələşdirilməyə məruz qalıb.
Hazırladı: Mina RƏŞİD