Hazırda bu iddiaya inananların sayı az olsa da, Kremlin istədiyi miqyasda "uğur" əldə edəcəyi ambisiyalarını qoruyub saxladığını düşünənlər də var.
Görəsən, Moskva həqiqətən də SSRİ-ni geri qaytarmaq istəyirmi və bunun baş verməsi nə qədər realdır?
Mövzu ilə bağlı mətbuata fikir bildirən politoloq İlqar Vəlizadə keçmiş SSRİ-nin yenidən qurulmasının real olmadığı qənaətindədir: "Bunu Rusiya rəsmiləri də başa düşür. Lakin başqa formada ittifaqın yaranması mümkün ola bilər. Avrasiya İttifaqını buna misal gətirmək olar. Təşkilatda təmsil olunan bəzi ölkələr xüsusi mövqeləri ilə seçilir. Amma həmin ölkələrin və Rusiyanın istəkləri üst-üstə düşmür. Yəni, Rusiyanın təşəbbüsü ilə yaranan ittifaqlar keçmiş SSRİ-nin bərpası demək deyil. Ruslar da çox yaxşı anlayırlar ki, bu ölkələrin xalqlarının SSRİ-yə qarşı olan münasibəti birmənalı deyil. Yeni ittifaqların fərqli formada qurulması isə indiki situasiyada aktualdır. Bununla belə, həmin ittifaqda iştirak edən ölkələr maraqlarının üst-üstə düşmədiyini birbaşa söyləyirlər", - deyə o bildirib.
Politoloqun sözlərinə görə, Rusiyanın bəzi siyasətçilərinin SSRİ-nin bərpası ilə bağlı fikirləri müəyyən dövlətlərdə nifrət doğurur: "Həmin siyasətçilər açıqlamaları ilə Rusiya dairələrinin bu cür planları olduğunu üzə çıxarır. Bu da ondan xəbər verir ki, Moskvada belə bir yanaşma mövcuddur. Ekranlara çox az çıxan həmin şəxslər bu cür açıqlamaları ilə cəmiyyətin qıcıqlanmasına səbəb olur. Təbii ki, belə fikirlərin gələcəyi yoxdur. Postsovet ölkələrindən heç biri Rusiya tərəfindən işğalı dəstəkləmir".
Ekspertin fikrincə, hətta Belarus belə Krımın ilhaqı ilə bağlı heç bir müsbət yanaşma ortaya qoymayıb: "Buradan da görünür ki, bütün ölkələr üçün ərazi bütövlüyü qırmızı xətdir. Ancaq heç bir postsovet ölkəsi Rusiya ilə əlaqələrin birdəfəlik kəsilməsini istəmir. Çünki burada iqtisadi və digər maraqlar mövcuddur. Məsələn, Qazaxıstanın 7000 kilometrlik sərhədi var və orada sərhədçilər yoxdur. Çünki Rusiya ilə Qazaxıstan arasında vahid bazar var. Ümumilikdə Qazaxıstanın, Özbəkistanın və Azərbaycanın Ruisya ilə fərqli münasibətləri var",-deyə İ.Vəlizadə vurğulayıb.
Tahirə AĞAMİRZƏ