06.08.2025, 16:55
AZ EN
06.08.2025, 13:42 13

Azərbaycan ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir

YAZILAR
  • Ölkəmiz növbəti il Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. Bu, dünyada BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı və Nyu-Yorkda keçirilən Baş Assambleya toplantılarından sonra üçüncü ən böyük və mötəbər tədbirdir. Tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə həyata keçiriləcək. WUF13-də iştiraka dair dəvətlər UN-Habitat tərəfindən müvafiq şəhərsalma nazirlərinə, bir sıra hallarda isə maliyyə nazirlərinə də ünvanlanır.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O bildirib ki, hazırda UN-Habitat üzv dövlətləri və tərəfdaşları WUF13 – Dünya Şəhər Forumunun 13-cü sessiyasında uğurlu mənzil layihələrini təqdim etməyə çağırır. Bu qlobal platforma dünyada mənzil təminatına əhəmiyyətli təsir göstərib və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin həyata keçirilməsinə böyük töhfələr verib. “UN-Habitat tərəfindən edilən çağırış qlobal mənzil böhranı ilə bağlı təcili tədbirlərin görülməsini vurğulayır. BMT-nin “2030 Gündəliyi”nə əsasən, evsizlik probleminin həllinə nail olmaq yoxsulluğun aradan qaldırılmasının, iqlim dəyişmələrindən və böhranlardan çıxışın əsas şərti kimi qəbul edir. Xüsusilə, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondu məhəllələrinin layiqli həyat şəraitinə transformasiyasının vacibliyi qeyd olunur. Mənzilin əlçatanlığı evsizliyin qarşısını almaq üçün mühüm amil olaraq qalır, böhran bölgələrində bərpa və yenidənqurma işləri isə təxirəsalınmaz prioritetdir”,- deyə P. Vəliyeva vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və “Böyük Qayıdış” üzrə dövlət proqramı UN-Habitat və WUF12-nin yekun sənədi - Qahirə Bəyannaməsinin prinsiplərinin real praktikada tətbiqinə nümunədir. Burada əsas məqsəd yalnız evlərin və şəhərlərin bərpası deyil, həm də insanlara təhlükəsiz, inklüziv və dayanıqlı bir gələcək qurmaqdır. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə Azərbaycanın deyil, həm də qlobal urbanizasiya gündəliyinin yeni model məkanı kimi formalaşır. “Azərbaycanın “Böyük Qayıdış” proqramı həm sosial-iqtisadi inkişafı, həm də dayanıqlı şəhərsalma prinsiplərini özündə birləşdirərək, bölgəni müasir şəhər həyatının mərkəzinə çevirməyi hədəfləyir. Qahirə Bəyannaməsində vurğulandığı kimi, adekvat yaşayış hüququ sosial müdafiənin dayağıdır. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında tikilən yeni qəsəbə və şəhərlər bu prinsipi gerçəkləşdirir. Ağalı kəndində “Ağıllı kənd” modeli, Cəbrayılda, Füzulidə və digər bölgələrdə həyata keçirilən layihələr müasir yaşayış standartlarını təmin etməklə yanaşı, həmin ərazilərə qayıdan əhalinin rifahını əsas prioritet kimi götürür. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan şəhər və kəndlər “yaşıl enerji”, ekoloji təmiz nəqliyyat, ağıllı infrastruktur və resursların səmərəli istifadəsi prinsiplərinə əsaslanır. Bu yanaşma Qahirə Bəyannaməsinin “inklüziv və davamlı şəhərlər” çağırışı ilə səsləşir. Həmçinin Azərbaycan mədəni irsin qorunmasına xüsusi önəm verir. Qarabağda və Zəngəzurda bərpa edilən tarixi məscidlər, məbədlər, qəbiristanlıqlar və muzeylər Qahirə Bəyannaməsində vurğulanan “mədəniyyət və irsi dayanıqlılıq üçün dəyərləndirmək” prinsipini əyani şəkildə nümayiş etdirir. Bu, həm də həmin yerlərə qayıdan insanların milli kimliyini və mənəvi bağlarını gücləndirir”.

Azərbaycanın müasir şəhərsalma təcrübəsinin yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmadığına diqqət çəkən deputat bildirib ki, paytaxt Bakıda həyata keçirilən müasir şəhərsalma təcrübələri, regionlarda müasir nəqliyyat və infrastruktur layihələri, ekoloji parkların salınması və sosial yönümlü yaşayış massivlərinin yaradılması ölkəmizin ümumi urbanizasiya vizyonunu ortaya qoyur. Beləliklə, Azərbaycan həm işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı, həm də digər bölgələrdə tətbiq olunan müasir şəhərsalma təcrübələri ilə ümumdünya şəhərsalma prinsiplərinin canlı nümunəsinə çevrilir. Bu, yalnız binaların inşası deyil, həm də inklüziv, dayanıqlı və gələcəyə yönəlmiş həyat mühitinin qurulması deməkdir. (AZƏRTAC)

Oxşar xəbərlər