Ermənistanın «Hraparak» qəzetinin və ayrı-ayrı informasiya saytlarının iyul ayının 13-də yaydığı məlumata görə, sabah Ermənistan parlamenti iclaslarda uzun müddət iştirak etməyən müxalif deputatların mandatlardan məhrum edilməsi və deputat toxunulmazlıqlarının ləğvi məsələsinə baxaraq qərar qəbul edəcək, iyulun 15-də isə yay tətilinə buraxılacaqdır. Erməni KİV-lərinin məlumatına görə iclasda yalnız iki müxalif deputatın - Takuhi Tovmasyan və A.Zaxaryan barədə məsələ müzakirə edilməyəcək. Çünki A.Zaxaryan istefası qəbul olunmuş Artur Vanesyanın əvəzinə mandat qazanıb, T.Tovmasyan isə iclaslarda daim olmasa da iştirak edib və sədri olduğu komissiyanın işini istiqamətləndirib. «Vətəndaş müqaviləsi» fraksiyasının bütün üzvlərinin müxalifətdən olan 33 deputatın mandatdan məhrum olunmasına səs verəcəyini bildirən erməni KİV-ləri onu da xatırladırlar ki, əvvəllər 11 müxalif deputatın məsələsinə baxılması nəzərdə tutulurdu. Digər 22 deputatında iclaslarda üzürsüz iştirak etməməsi artıq nəzərdə tutulduğu limiti xeyli keçdiyinə görə onların hamısı parlamentdən uzaqlaşdırılacaqdır.
Nəsib QARAMANLI