Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq “Batumi Open” turnirində Azərbaycan taekvondoçuları uğurlu nəticələrə imza atıblar.
Yarışın nəticələrinə əsasən, Göygöl “İrəvan” İdman Klubunun təmsilçiləri Dərya Hüseyinova (27 kq) və Aydan Hüseyinova (33 kq) kiçik yeniyetmələr arasında qızıl medal, Xəzər Salahlı (53 kq) isə yeniyetmələr arasında bürünc medal qazanıblar.
İdmançılarımızın məşqçisi Elvarə Cəlilova isə "Ən yaxşı məşqçi" adına layiq görülüb.
Qeyd edək ki, qızıl medala layiq görülən bacılar Dərya və Aydan Hüseyinovalar 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı Elbrus Hüseyinovun övladlarıdır.
Xatırladaq ki, Dərya Hüseyinova ötən il Albaniyanın paytaxtı Tiranada keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində 24 kq çəki dərəcəsində çempion olaraq Azərbaycanın bayrağını yüksəklərə qaldırmışdı.
Tahirə AĞAMİRZƏ